...

Azərbaycan-Türkiyə qaz sazişi Türkiyənin mövqeyini möhkəmləndirəcək - "Stratfor" mərkəzinin rəhbəri

Energetika Materials 9 İyun 2010 18:39 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında bu həftə imzalanmış qaz sazişi Türkiyənin dünya enerji bazarında mövqeyini möhkəmləndirəcək.
Azərbaycan-Türkiyə qaz sazişi Türkiyənin mövqeyini möhkəmləndirəcək - "Stratfor" mərkəzinin rəhbəri

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Türkiyə arasında bu həftə imzalanmış qaz sazişi Türkiyənin dünya enerji bazarında mövqeyini möhkəmləndirəcək. ABŞ-ın "Stratfor" analitik mərkəzinin rəhbəri, professor, tanınmış alim Corc Fridman belə hesab edir.

"Azərbaycan və Türkiyə arasında saziş çox vacibdir. Bu hər şeyi dəyişir", - Fridman deyib.

Onun sözlərinə görə, bu saziş Türkiyənin Rusiyadan asılılığına son qoyacaq və Türkiyənin mövqeyini möhkəmləndirəcək.

Bundan başqa, Fridmanın sözlərinə görə, bu, Azərbaycan-ABŞ münasibətlərində də yeni bir dövr açır.

Bu həftə Azərbaycan və Türkiyə qaz məsələləri paketi üzrə saziş imzalayıblar. Bu saziş Türkiyə üçün Azərbaycan qazının qiymətlərinə "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi və layihənin ikinci mərhələsi çərçivəsində dəyişikliyi, həmçinin Azərbaycan qazının Türkiyə ərazisindən tranzitini nəzərdə tutur.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 8,6-9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə daha 16 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti