...

ARDNŞ Azərbaycanın yeraltı qaz anbarlarından birinə qaz vurulmasını başa çatdırıb

Energetika Materials 6 Dekabr 2010 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Qalmaz" yeraltı qaz anbarına qaz vurulması prosesini başa çatdırıb. Bu barədə bazar ertəsi ARDNŞ-dəki mənbənin verdiyi məlumatda deyilir.

Onun sözlərinə görə, hazırda qaz anbarında kompressorların təmiri üzrə işlərə başlanılıb.

"Qalmaz" yeraltı qaz anbarına qaz vurulması prosesi artıq başa çatıb, indi maşın və mexanizmlərin təmiri üzrə işlər aparılır. Bu il artıq yeraltı qaz anbarına qaz vurulmayacaq. Ondan yalnız seçilmiş qaz istehsal olunacaq", - mənbə bildirib.

Onun sözlərinə görə, hazırda "Qalmaz" yeraltı qaz anbarında qazın həcmi 1,52 milyard kub metr təşkil edir ki, onun 967,5 milyon kub metri bu il vurulub, yerdə qalan hissə isə ötən ildən qalıb.

Hazırda respublikada iki - "Qaradağ" və "Qalmaz" yeraltı qaz anbarları var.

Mənbənin sözlərinə görə, "Qaradağ" qaz anbarına qazın vurulması prosesi hələ başa çatmayıb. Hazırda qaz anbarında qaz ehtiyatları 1,53 milyard kubmetrdən çox təşkil edir. Bu il qaz anbarına 957 milyon kubmetrə yaxın qaz vurulub, yerdə qalan hissə ötən ildən qalıb.

"Hazırda "Qaradağ" qaz anbarına qaz vurulmur, lakin onun bərpa edilməsi planlaşdırılır", - mənbə deyib.

Ötən il ARDNŞ ölkənin yeraltı qaz anbarlarına iki milyard kub metrə yaxın qaz vurub. Bu göstərici 2008-ci ildə 1,4 milyard kubmetr təşkil edib. Ötən il "Qalmaz" yeraltı qaz anbarına 1,16 milyard kubmetr, "Qaradağ"a isə 795,3 milyon kubmetr qaz vurulmuşdu.

Azərbaycanın yeraltı qaz anbarlarına payız-qış mövsümündə istifadə olunmaq üçün qaz vurulması prosesi oktyabrda başa çatır. Lakin builki əlverişli hava şəraiti ilə əlaqədar qaz vurulması prosesi uzanır.

Xəbər lenti

Xəbər lenti