Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir E.İsmayılov/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Qalmaz" yeraltı qaz anbarının üçölçülü modelinin hazırlanmasını başa çatdırıb. Bu barədə cümə günü ARDNŞ-dəki mənbə deyib.
Modelin tikintisi üçün üçölçülü geofiziki tədqiqatlar aparılıb, əldə olunan məlumatlar təhlil edilib. Əldə edilən nəticələr əsasında model hazırlanıb.
"Bu layihə çərçivəsində işlər tamamilə başa çatıb", - mənbə qeyd edib.
Hazırda respublikada iki - "Qaradağ" və "Qalmaz" yeraltı qaz anbarı var.
Cari ildə qaz vurulmasının yekunlarına görə Azərbaycanın yeraltı qaz anbarlarında qazın həcmi üç milyard kubmetri ötüb. Ötən il ARDNŞ ölkənin yeraltı qaz anbarlarına iki milyard kubmetrə yaxın qaz vurub. Bu göstərici 2008-ci ildə 1,4 milyard kubmetr təşkil edib.