...

Azərbaycan və Aİ arasında energetika sahəsində münasibətlərdə dönüş müşahidə edilir

Energetika Materials 15 Fevral 2011 16:17 (UTC +04:00)
Hazırda Azərbaycan və Avropa İttifaqı arasında energetika sahəsində münasibətlərdə dönüş müşahidə edilir.
Azərbaycan və Aİ arasında energetika sahəsində münasibətlərdə dönüş müşahidə edilir

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.İsmayılov/

Hazırda Azərbaycan və Avropa İttifaqı arasında energetika sahəsində münasibətlərdə dönüş müşahidə edilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozunun Bakıya səfəri zamanı danışıqların əsas predmeti enerji məsələsi olub. Səfər zamanı qəbul edilən qərarlar əsasında praktiki görüşlər təşkil edilir. Xüsusilə, belə görüşlərdən biri 2006-cı ildə tərəflərin imzaladıqları Azərbaycan və Aİ arasında energetika sahəsində əməkdaşlığa dair memorandum çərçivəsində olan görüşdür.

"Bu memorandum çərçivəsində energetika sahəsində Azərbaycan qanunvericiliyinin dünya standartlarına uyğunlaşdırılması nəzərdə tutulur. Bu, iki tərəf arasında bu sahədə mövqelərin daha da yaxınlaşdırılması üçün lazımdır", - Kobia qeyd edib.

Kobianın sözlərinə görə, ikinci məsələ enerji təhlükəsizliyidir. Azərbaycan öz enerji resurslarını Avropaya satmaq istəyir, Aİ isə onları almaq niyyətindədir. Buna görə də bu məsələ çərçivəsində böyük diqqət "Cənub dəhlizi" layihəsinə yetirilir.

Digər mərhələlər Azərbaycana enerji effektivliyi sahəsində yardımın göstərilməsidir. Bu, Azərbaycanın alternativ enerji mənbələrindən səmərəli istifadəsini nəzərdə tutur. Belə ki, ölkənin günəş və külək enerjisindən istifadə sahəsində böyük potensialı var.

Bundan əvvəl Azərbaycan və Aİ arasında Bakıda "Cənub dəhlizi" haqqında Birgə Bəyannamə imzalanıb.

Bəyannamə "Cənub enerji dəhlizi" enerji marşrutları və mənbələrinin şaxələndirilməsini və bununla da Aİ-nin enerji təhlükəsizliyinin artırılmasını nəzərdə tutur. "Cənub dəhlizi" layihələrinə "Nabukko", Transadriatik qaz kəməri (TAP), "Ağ axın" və ITGI (Türkiyə-Yunanıstan-İtaliya) aiddir.

Xəbər lenti

Xəbər lenti