...

ARDNŞ 2020-ci ilin sonuna yeni emal kompleksini istismara verəcək

Energetika Materials 23 Sentyabr 2011 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2020-ci ilin sonuna Azərbaycanda neft və qaz emalı, neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksi istismara vermək niyyətindədir. Bu barədə cümə günü keçirilən "Gas Infrastructure World Caspian - 2011" konfransında ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.

"2017-2018-ci illərdə, ilk növbədə, qaz emalı zavodu və neft-kimya zavodunun birincu qurğusu istismara veriləəck. Neft emalı zavodunun istismara verilməsi daha sonrakı müddətə təyin olunub. Çünki o, bir-biri ilə əlaqəli olan 23 qurğudan ibarət olacaq", - Qəhrəmanov deyib.

Yeni kompleksin tikintisinə qoyulan investisiyaların həcmi 15 milyard dollar səviyyəsində proqnozlaşdırılır. Layihə öz xərcini 6-7 il ərzində çıxaracaq.

Bu layihə çərçivəsində maliyyələşdirmə məsələləri ilə məşğul olan "PriceWaterhouseCoopers" şirkətinin təqdim etdiyi bölgüyə görə, yeni kompleksin tikintisi layihəsinin maliyyələşdirilməsi prosesi aşağıdakı şəkildədir: 30 faiz - ARDNŞ, ARDNF və ölkənin dövlət büdcəsinin vəsaitləri hesabına, yerdə qalan 70 faiz - banklardan və beynəlxalq maliyyə institutlarından cəlb olunmuş vəsaitlər hesabına.

"Təkcə cəlb olunmuş vəsaitlər üzrə faizlər 2,5 milyard dollar təşkil edə bilər", - Qəhrəmanov deyib.

Qaz emalı zavodunun gücü əvvəlcə 10 milyard kubmetr, daha sonra 15 milyard kubmetrə çatdırılacaq. Qaz emalı zavodunda ARDNŞ-nin müstəqil işlədiyi yataqlardan, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan və lazım olacağı təqdirdə, "Şahdəniz" yatağından qazın emalı planlaşdırılır.

Qaz emalından əldə olunan nəticələrdən (etan, propan, butan) neft-kimya zavodu üçün xammal kimi istifadə olunacaq, metan isə istehlakçılara satılmaq üçün nəzərdə tutulacaq.

Neft emalı zavodunun gücü ildə 10 milyon ton təşkil edəcək. Qəhrəmanov neft-kimya zavodunun istehsal imkanlarına toxunaraq qeyd edib ki, əvvəlcə ildə 1,2-1,3 milyon ton məhsul [670 min ton polietilen, 550 mni ton polipropilen] istehsal olunacaq.

Gələcəkdə, istehsalatın optimallaşdırılması prosesində həcmin cüzi artırılacağı mümkündür, 2020-ci ildən sonra isə ARDNŞ istehsal həcmlərinin əhəmiyyətli artımını planlaşdırır.

Qəhrəman bildirib ki, istehsalatın optimallaşdırılması prosesi iki aya yaxın davam edəcək.

Onun sözlərinə görə, əvvəlcə neft-kimya kompleksinin işə salınması əldə olunan vəsaitlərdən kredit öhdəliklərinin ödənilməsində istifadə olunması zərurəti ilə bağlıdır.

"Layihənin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) hazırlanması prosesi başa çatıb və sənədlər Azərbaycan Prezidenti Administrasiyasına və Nazirlər Kabinetinə təqdim olunub", - ARDNŞ-nin vitse-prezidenti deyib.

TİƏ layihələşdirmə sahəsində dünya liderləri olan "Foster Wheeler", "Technip Benelux" və UOP tərəfindən hazırlanıb.

Xəbər lenti

Xəbər lenti