...

Yanvar-sentyabrda Bakı-Tbilisi-Ceyhan kəməri ilə Türkmənistan neftinin nəqli artıb

Energetika Materials 19 Oktyabr 2011 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-sentyabrda Azərbaycanda hasil olunan neftin böyük hissəsinin ixrac olunduğu Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 1,5 milyon ton Türkmənistan nefti nəql olunub. Ötən ilin analoji dövründə bu göstərici 659,5 min ton olub. Bu barədə çərşənbə günü Trend-ə ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumat verib.

"Doqquz ay ərzində BTC ilə 1,5 milyon ton Türkmənistan nefti nəql olunub", - məlumatda deyilir.

Ötən il BTC ilə 1,27 milyon ton Türkmənistan nefti daşınıb. BTC ilə Türkmənistan neftinin daşınmasına 2010-cu ilin iyulundan başlanıb.

Türkmənistan neftinin BTC ilə nəqli ARDNŞ-nin "Dragon Oil" və Türkmənistanda neft hasilatı ilə məşğul olan digər şirkətlərlə müqaviləsi çərçivəsində həyata keçirilir. Tərəflər arasında müqavilə gələn ilin sonunadək uzadılıb.

"SOCAR Trading" nefti Türkmənistandakı istehsalçılardan alır, onu Xəzər dənizi vasitəsilə Bakıyadək nəql edir. "BTC Co" şirkəti neftin bu həcmini Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edir və Aralıq dənizindəki Ceyhan limanında onu "SOCAR Trading"ə təhvil verir.

Bundan əvvəl Bakı-Tbilisi-Ceyhan kəməri ilə "Tengiz" yatağından "Tengizchevroil" şirkətinin Qazaxıstan nefti nəql olunub, lakin nəql şərtlərinin razılaşdırılmaması səbəbindən neftin vurulması cari ildən dayandırılıb.

"BTC Co"nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); "Chevron" (8,90 faiz); "Statoil" (8,71 faiz); ТРАО (6,53 faiz); "Eni" (5 faiz ); "Total" (5 faiz); "Itochu" (3,40 faiz ); "Inpex" (2,50 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Amerada Hess" (2,36 faiz).

Boru kəmərinin gücü sutkada 1,2 milyon barel neft təşkil edir.

Xəbər lenti

Xəbər lenti