...

Azərbaycan və İsveçrə energetika məsələlərini müzakirə edəcəklər

Energetika Materials 11 Noyabr 2011 11:17 (UTC +04:00)
İsveçrənin federal müşaviri, energetika, ətraf mühit, kommunikasiyalar və nəqliyyat naziri Doris Loyhardın rəhbərlik etdiyi nümayəndə heyəti 2011-ci il noyabrın 14-də Azərbaycana rəsmi səfərə gələcək.
Azərbaycan və İsveçrə energetika məsələlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

İsveçrənin federal müşaviri, energetika, ətraf mühit, kommunikasiyalar və nəqliyyat naziri Doris Loyhardın rəhbərlik etdiyi nümayəndə heyəti 2011-ci il noyabrın 14-də Azərbaycana rəsmi səfərə gələcək. Trend-in məlumatına görə, bu barədə cümə günü İsveçrənin Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Səfər iki ölkənin energetika sahəsində əməkdaşlığı çərçivəsində keçiriləcək. Bu əməkdaşlığın əsası 2007-ci ilin oktyabrında energetika, iqtisadi, texniki və elm sahələrində əməkdaşlığın genişlənməsi üzrə qarşılıqlı anlaşma memorandumunun imzalanması ilə qoyulub.

Səfər zamanı Azərbaycan Prezidenti və energetika naziri ilə görüş planlaşdırılıb.

Səfərdə başlıca məqsəd İsveçrənin EGL, Norveçin Statoil və Almaniyanın E.ON-Ruhrgas şirkətlərinin fəaliyyət göstərdikləri Transadriatik qaz kəməri (TAP) layihəsinin dəstəklənməsidir.

Transadriatik boru kəməri öz başlanğıcını Yunanıstandan götürəcək, Albaniya ərazisindən və Adriatik dənizindən keçərək daha sonra İtaliyayadək uzanacaq. Qaz kəməri Albaniyadan İtaliyaya qədər 115 kilometrlik sualtı sahəyə qoşulub. Qaz kəmərinin tikilməsi üzrə layihənin dəyəri 2,2 milyard dollar təşkil edir. Kəmərin ilkin buraxılış qabiliyyəti ildə 10 milyard kubmetr, maksimum isə 20 milyard kubmetr təşkil edir. TAP-ın ümumi uzunluğu 800 kilometrə yaxındır.

"Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qaza TAP layihəsi üçün əsas mənbə kimi baxılır.

Xəbər lenti

Xəbər lenti