Azərbaycan, Bakı, 29 noyabr / Trend, müxbir E.İsmayılov /
Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı və xarici bazarlara çıxmaq üçün bütün imkanları var. Trend-in məlumatına görə, bu barədə Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi rəhbərinin müavini Cəmil Məlikov çərşənbə axşamı Bakıda keçirilən yaşıl energetika və iqtisadiyyat sahəsində Azərbaycan-Polşa seminarında deyib.
Onun sözlərinə görə, hazırda respublikada yaşıl energetikanın inkişafı sahəsində fəal işlər aparılır. Eləcə də bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq üzrə də işlər həyata keçirilir. Hazırda bu əməkdaşlıq ölkənin Sənaye və Energetika Nazirliyi və Nazirlər Kabineti səviyyəsində müzakirə olunan və baxılan layihə şəklində reallaşdırılır.
"Azərbaycanda külək, Günəş, habelə kiçik çayların imkanlarından istifadə etmək üçün imkanlar mövcuddur", - Məlikov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda alternativ enerjinin inkişafı üçün bu ilin sentyabrında Qobustan sınaq poliqonu açılıb. Bu da öz növbəsində ölkədə bu sahədə mütəxəssislərin formalaşması üçün şərait yaradır ki, bu da həm ölkə daxilində yaşıl energetikanı inkişaf etdirməyə, həm də onun hüdudlarından kənara çıxmağa imkan verir.
Polşanın Azərbaycandakı səfiri Mixail Lobendanın seminarın açılışında dediyi kimi, Polşa da yaşıl iqtisadiyyat və energetikanın inkişafı sahəsində fəal işlər görür və bu işlərin nisbətən daha intensiv aparıldığı Avropa ölkələrindən biridir.
Onun sözlərinə görə, həmçinin, Polşanın Ətraf Mühit Nazirliyi tərəfindən "GreenEvo" layihəsi həyata keçirilir. Onun məqsədi Polşanın innovasiya texnologiyalarının ətraf mühit və texniki fikirlərin qlobal yayılması sahəsinə ötürülməsidir. Layihənin üstünlüyü ətraf mühit sahəsində Polşa texnologiyalarının xarici bazarlara tədarüküdür.
Lobendanın sözlərinə görə, Azərbaycan kimi Polşa da intensiv inkişaf edir və ona görə də tərəflərin yaşıl energetika texnologiyaları sahəsində imkanlarının ətraf mühit sahəsinə inteqrasiyası vacibdir.