...

Xələf Xələfov: Azərbaycan Mərkəzi Asiya qazının tranziti üçün ərazisini təklif etməyə hazırdır (FOTO)

Energetika Materials 6 Dekabr 2012 14:22 (UTC +04:00)

Türkiyə, İstanbul, 6 dekabr /Trend, xüsusi müxbir A.Bədəlova/

Hazırda güclü infrastruktura malik Azərbaycan bunun sayəsində Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır və qitənin etibarlı tərəfdaşı qismində çıxış edir. Trend-in xüsusi müxbirinin məlumatına görə, bu barədə İstanbulda keçirilən Xəzər forumunda çıxışı zamanı Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

"1994-cü ildə bağlanan "Əsrin müqaviləsi" Azərbaycanın neft-qaz sahəsində yenə səhifə açdı. 1995-ci ildən etibarən Azərbaycan iqtisadiyyatına 120 milyard dollardan çox investisiya yatırılıb", - Xələfov deyib.

O qeyd edib ki, Azərbaycanın xarici siyasətinin əsasını qonşu ölkələrlə ikitərəfli dost münasibətlərinin və əməkdaşlıq əlaqələrinin qurulması təşkil edir.

Xələfovun sözlərinə görə, Xəzər regionunda sülh və təhlükəsizliyin təmin edilməsi, habelə iqtisadiyyatın davamlı inkişafı əsas vəzifə olmalıdıır.

O vurğulayıb ki, son vaxtlar Xəzər dənizinin statusu məsələsində mövqelərin yaxınlaşmasında irəliləyiş müşahidə edilir.

"Azərbaycan, Qazaxıstan və Rusiya artıq razılığa gəliblər və ümid edirik ki, İran və Türkmənistanla da razılıq əldə olunacaq. Azərbaycan Xəzərin ekologiyası məsələsinə böyük diqqət ayırır", - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Transxəzər qaz kəmərinin həyata keçirilməsinə yardım etməyə hazırdır.

"Azərbaycan Mərkəzi Asiya qazının tranziti üçün ərazisini təklif etməyə hazırdır", - o bildirib.

Xələfov çıxışı zamanı, həmçinin Dağlıq Qarabağ münaqişəsinə toxunub.

"Azərbaycan 20 ildən çoxdur ki, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsindən əziyyət çəkir. İşğal nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün olub. Ermənistan indiyədək beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara riayət etmir. Əgər biz Avropa İttifaqını sabit görmək istəyiriksə, beynəlxalq normalar əsasında bu işğala son qoymaq lazımdır", - Xələfov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti