...

"SOCAR Turkey Enerji": Azərbaycan Prezidentinin Türkiyəyə səfəri zamanı əldə olunmuş razılaşmalar yeni layihələr həyata keçirmək üçün başlanğıc ola bilər (FOTO)

Energetika Materials 21 Noyabr 2013 19:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Türkiyəyə rəsmi səfəri zamanı çox vacib danışıqlar aparılıb, önəmli razılaşmalar əldə edilib və bütün bunlar yeni layihələrin həyata keçirilməsi üçün başlanğıc ola bilər.
"SOCAR Turkey Enerji": Azərbaycan Prezidentinin Türkiyəyə səfəri zamanı əldə olunmuş razılaşmalar yeni layihələr həyata keçirmək üçün başlanğıc ola bilər (FOTO)

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Hüseynov/

Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Türkiyəyə rəsmi səfəri zamanı çox vacib danışıqlar aparılıb, önəmli razılaşmalar əldə edilib və bütün bunlar yeni layihələrin həyata keçirilməsi üçün başlanğıc ola bilər. Trend-in məlumatına görə, bunu "SOCAR Turkey Enerji"nin prezidenti Kənan Yavuz İstanbulda Azərbaycan KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın strateji tərəfdaşlığı layihələr sayəsində güclənir və fəal şəkildə davam edir: "Hazırda Türkiyə iqtisadiyyatı tarixində ən iri investor ARDNŞ oldu. ARDNŞ maliyyə xərcləri 20 milyard dollara çata biləcək layihələr reallaşdırır. Bu layihələr Azərbaycanı dünyaya təkcə neft-qaz tədarükçüsü qismində təqdim etməyəcək, eyni zamanda, qabaqcıl elmi texnologiyalara əsaslanan layihələrə sərmayələr Azərbaycan və Türkiyəni yeni mərhələyə çıxaracaq".

K.Yavuz qeyd edib ki, Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu magistralı kimi iri layihələr və "Petkim"in alınması ilə yanaşı, hazırda İzmirdə 9,5 milyard dollar dəyərində, enerji, neft-kimya və logistik inteqrasiyaya əsaslanmış "Star" neft emalı zavodunun (NEZ) tikintisi layihəsini həyat keçirir:

"Həyata keçirilməsi gələn ilə gözlənilən Trans-Anadolu boru kəməri (TANAP) layihəsi ilə birlikdə investisiyalar 19 milyard dolları ötəcək və ola bilsin ki, 20 milyard dollara çatacaq. Bu o deməkdir ki, ARDNŞ qarşıdakı 5 il ərzində Türkiyənin ikinci iri sənaye şirkəti olacaq və 2023-cü ilə irəliyə getmək imkanı qazanacaq".

Tikintisi 2017-ci ildə başa çatacaq "Star" NEZ layihəsinə 5,5 milyard dollar investisiya yatırılacaq. Bu vəsaitdən 2,5 milyard dolları daxili investisiyalara, qalanı isə xarici mənbələrə məxsus olacaq.

K.Yavuz bildirib: "Bununla da biz Türkiyə üçün strateji və vacib iqtisadi əhəmiyyətə malik neft emalı kompleksinin sahibi olacağıq. Hazırda belə NEZ-lər Türkiyədə "Tupraş" şirkətinə məxsusdur və bununla da biz bu sahədə ikinci oyunçu olacağıq".

"SOCAR Turkey Enerji"nin rəhbərinin sözlərinə görə, İzmirdə tikintisinə 3 ay əvvəl başlanılan iri konteyner limanında işlər sürətlə aparılır: "20 ay ərzində başa çatdırılacaq tikinti işlərinə artıq daxili mənbələr hesabına 300 milyon dollar investisiya yatırılıb. Layihə dünyanın iri konteyner şirkəti olan "A.P.Moller-Maersk Group" ilə birlikdə həyata keçirilir. Bu və ya digər layihələr regionda sülh və siyasi sabitliyə xidmət edəcək. Həmin layihələrin təkcə Azərbaycan və Türkiyə üçün deyil, həmçinin Avropa üçün önəmi var və yeni təşəbbüslər üçün yollar açacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti