...

Gürcüstanda boru kəməri qalmaqalı: Azərbaycan həmişəki kimi haqlıdır

Energetika Materials 20 İyul 2015 13:36 (UTC +04:00)

Rus xəbərlər xidmətinin rəhbəri

Seymur Əliyev-Trend:

Azərbaycan neftinin nəql ediləcəyi Bakı-Supsa neft boru kəməri ətrafında qalmaqal hər tərəfdən - həm siyasi, həm iqtisadi cəhətdən təsvir edilir. Lakin bu, ilk növbədə Azərbaycanın enerji strategiyasının uzaqgörənliyidir. Məhz uzaqgörənliyi. Çünki bu gün neft kəməri ilə bağlı məsələlər, faktiki olaraq, 10 il əvvəl Azərbaycanın enerji strategiyasına daxil edilmiş ideyalar hesabına həll edilir.

Gürcüstanda tanınmamış respublikaların sərhədlərinin çəkilməsi ətrafında qalmaqalın, əlbəttə, siyasi səbəbi var. Qəribə də olsa, bundan ən böyük dividenti Tbilisi əldə edir - ölkə sərhədlərinin çəkilməsi faktı və beynəlxalq neft nəqli layihəsi ilə bağlı problemlərlə bütün dünyaya ərazilərinin işğal olunduğunu nümayiş etdirir. Gürcüstan tərəfindən güc tətbiq olunmaması da məhz bununla izah olunur.

Ancaq baş verənlərə baxmayaraq, bu boru kəməri ilə neftin ixrac olunması məsələsi Azərbaycan üçün kritik deyil. Niyə?

Bu sualın cavabı hələ 90-cı illərin əvvəlində ölkənin enerji strategiyasına daxil edilən və bu gün də davam edən məsələdə gizlidir. Hazırda Azərbaycan yeddi karbohidrogen ixracı marşrutuna - dördü qaz və üçü neft boru kəməri - malikdir.

Azərbaycan nefti Bakı-Supsa (Qara dəniz), Bakı-Novorossiysk (Qara dəniz) və Bakı-Tbilisi-Ceyhan (Aralıq dənizi) boru kəmərləri ilə dünya bazarlarına çıxır. Beləliklə, marşrutlardan birinin dayanması kritik məsələ deyil və Azərbaycan həmişə qərb marşrutundan nefti istənilən başqa marşruta yönəldə bilər. Özü də boru kəmərlərinin gücü buna imkan verir. Yəni, Bakı-Supsa kəmərində neft nəqli dayandırılsa da, Bakı-Tbilisi-Ceyhan və ya Bakı-Novorossiysk (və ya hər ikisi) marşrutu üzrə neft göndərilə bilər. Burada o məsələni də qeyd etmək lazımdır ki, Moskva hərəkətləri ilə neft tədarükçülərini Bakı-Novorossiysk boru kəmərinə itələyir. Son illər bu marşrut üzrə neft nəqlinin azaldığını da qeyd etmək lazımdır.

Bütün bunlar göstərir ki, münaqişələrə baxmayaraq Azərbaycan çoxdan enerji daşıyıcılarının dünya bazarlarına tədarükü marşrutlarının diversifikasiyasını təmin edib və müxtəlif istiqamətli marşrutlar yaradıb. Enerji təhlükəsizliyi də məhz budur.

Və bu gün Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması, müxtəlif istiqamətli tədarük marşrutları ilə bağlı təcrübə Avropaya lazım olub. Əlbəttə, Bakı bu təcrübəni Avropa ilə paylaşmağa hazırdır. Çünki bu həm də iqtisadi cəhətdən məqsədəuyğundur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti