...

Azərbaycanın Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində tədbir keçirilib (FOTO)

Energetika Materials 7 Oktyabr 2020 10:38 (UTC +04:00)
Azərbaycanın Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində tədbir keçirilib (FOTO)

Bakı. Trend:

2020-ci ildə Azərbaycanın Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində “Enerji İnvestisiyaları üzrə Risklərin Qiymətləndirilməsi” üzrə üçüncü hesabatın (EIRA 2020) onlayn formatda təqdimatı keçirilib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, hesabat Asiya, Avropa, Amerika və Afrikanı əhatə edən 30 ölkədə enerji investisiyaları üzrə hüquqi və tənzimləyici riskləri qiymətləndirir.

Tədbirdə Energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar çətinliklərə baxmayaraq, Azərbaycanın sədrliyi dövründə BEX Müqaviləsinin müasirləşdirilməsi üzrə danışıqların birinci raundu keçirilib, həmçinin “Enerji investisiyaları üzrə risklərin qiymətləndirilməsi hesabatı” hazırlanıb. Builki hesabatda iştirakçı ölkələrin enerji sektorunda investisiyaların təhlili üzrə əhəmiyyətli məlumatlar və göstəricilər əks olunub. Hesabat dövlət qurumları, sənaye müəssisələri və hüquq mütəxəssisləri, o cümlədən tədqiqat mərkəzləri üçün çox faydalıdır.

Azərbaycana Konfransa sədrliyi dövründə həyata keçirdiyi tədbirlərə görə təşəkkürünü bildirən Beynəlxalq Enerji Xartiyasının baş katibi Urban Rusnak isə “EIRA 2020” hesabatına dair təqdimatla çıxış edib. Təqdimatda, xüsusilə pandemiya dövründə hökumətlər tərəfindən yalnız dəstək tədbirləri deyil, uzunmüddətli hədəfləri nəzərə alan siyasi alətlər, nəzarət və təhlillərin aparılmasına ehtiyac olduğu vurğulanıb. Bildirilib ki, qiymətləndirmə mexanizmlərinin olması çətinliklərin öhdəsindən gəlməkdə əhəmiyyətli vasitədir. Bu buraxılışda enerji investisiyaları üzrə qanuni və tənzimləyici risklər qiymətləndirilib ki, burada da məqsəd ölkələrə bu risklərin idarə olunmasında kömək etməkdir.

Qeyd edək ki, “Enerji İnvestisiyaları üzrə Risklərin Qiymətləndirilməsi” hesabatı 2017-ci ildən hazırlanır. Hesabatda ölkələrə müvafiq sahənin inkişafına dair tövsiyələr və risklərin azaldılması planları təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti