Bakı. Trend:
Azərbaycanda elektrik enerjisi qiymətlərinin differensial olaraq aşağı salınması təklif olunur.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov “Elektroenergetika haqqında” yeni qanun layihəsini şərh edərkən deyib.
O qeyd edib ki, inkişaf etmiş ölkələrdə elektrik enerjisinin gecə və gündüz qiymətləri arasında fərq var.
“Xüsusilə bu onunla bağlıdır ki, sahibkarlar, fermerlər gecə vaxtı enerjidən daha çox istifadə edirlər. Bu isə onların xərcinin və istehsal edilən məhsulun xərcinin azalmasına gətirib çıxara bilir. Dünya praktikasında elektrik enerjisinin gecə tarifləri gündüz tariflərindən təqribən 25 faiz ucuz olur. Oxşar praktikanın Azərbaycanda da tətbiq edilməsini təklif edirik. Bu, sahibkarların və fermerlərin daha yaxından dəstəklənməsinə imkan verəcək”, - deyə deputat bildirib.
O qeyd edib ki, bu qanun layihəsi ümumilikdə elektroenergetika sahəsində münasibətlərin yeni qaydalarla tənzimlənməsinə və islahatların genişləndirilməsinə xidmət edəcək.
“Bu sahədə xüsusi bir qanunun qəbul edilməsinə ehtiyac var. Eyni zamanda bu qanun elekroenergetika sahəsinə özəl sektorun cəlb edilməsinə imkan verəcək. İstehsalın və satışın ayrılması da xərclərin minimallaşdırılması və optimallaşdırılması, hesablılığın və şəffaflığın artırılması, eyni zamanda idarəetmənin təkmilləşdirilməsi baxımından vacib hesab olunur”, - deyə deputat əlavə edib.