...

Fransa Mərkəzi Asiyanın uranına çıxış imkanı əldə etməyə bel bağlayır - Azərbaycanın tranzitdə açar rolu

Energetika Materials 1 Noyabr 2023 13:34 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makronun Mərkəzi Asiyaya səfərinin bu regionun Avropa ilə qarşılıqlı əlaqələrində konkret nəticələr verəcəyi planlaşdırılır. Bu gün Makron artıq Qazaxıstana gəlib. Onun sabah Özbəkistana yola düşəcəyi gözlənilir. Hər iki halda müzakirələrin əsas mövzusunu enerji, xüsusən bu iki Mərkəzi Asiya ölkəsinin əsas sənaye sahələrindən biri olan uran hasilatı ilə birbaşa ələqəli olan nüvə enerjisi təşkil edəcək.

Yelisey sarayı Fransa liderinin bu ölkələrə səfərinin iki əsas məqsədini müəyyən edib. Bu məqsədlərə strateji və iqtisadi əlaqələrin diversifikasiyasının artırılması və energetika, mineral resurslarla təchizat, nəqliyyat və aviasiya kimi sahələrdə sazişlər imzalamaq yolu ilə bu ölkələrin iştirakını gücləndirməkdən ibarətdir. Xəbər verildiyi kimi, prezident Makronu Qazaxıstan səfərində sənaye və xarici ticarət nazirləri, eləcə də, iri korporasiyaların təqribən 15 rəhbəri müşayiət edəcək.

Fransa Qazaxıstanda ilk atom elektrik stansiyasının tikintisində iştirak etməkdə xüsusən maraqlıdır (stansiyasın tikintisi barədə məsələ ilin sonuna kimi referenduma çıxarılacaq).

Qazaxıstan dünyada uranın istehsalçısı və ixracçısı qismində mühüm yer tutur və bu sahədə Fransanın mühüm tərəfdaşıdır. Fransanın "Orano" (51%) və Qazaxıstanın "Kazatomprom" (49%) şirkətlərinin birgə müəssisəsi olan "KATKO" mədən şirkəti Qazaxıstanın cənubunda Moynkum və Tortkuduk bölgələrində uran yataqlarını aktiv şəkildə işləyir. Şirkətin illik istehsal gücü 4 min ton olaraq dəyərləndirilir.

2008-ci ildən etibarən Qazaxıstan və Fransanın birgə şirkəti 49 min tondan çox uran hasil edib. Analitiklər Qazaxıstanın hazırda dünyada uran ehtiyatlarının ən böyük ixracçısı və sahibi statusunu özündə saxladığını qeyd edir, belə ki, dünyada uran istehsalının 46 faizi bu ölkənin payına düşür.

Dünyanın təsdiqlənmiş uran ehtiyatlarının təqribən 14 faizi Qazaxıstanda cəmlənib, belə ki, ölkənin ümumi təsdiqlənmiş ehtiyatları 700 min tondan çox olaraq dəyərləndirilir. 29 sentyabr 2023-cü ildə "Kazatomprom" 2025-ci ilədək uran hasilatı üzrə strategiyasını açıqlayıb. Proqnozlara görə, şirkət dünya miqyasında birinci dərəcəli uran istehsalını 2025-ci ildə təqribən 6 min tonadək artırmaqla 2024-cü il üzrə planlaşdırılan istehsal həcmini ötəcək. 2024-cü ildə "Kazatomprom"un təqribən 25 min - 25 min 500 ton uran istehsal edəcəyi, 2025-ci ildə isə uran istehsalını 30 min 500 - 31 min 500-dək artıracağı gözlənilir.

Dünya okeanına çıxışı olmayan Qazaxıstanın coğrafi mövqeyini nəzərə alsaq, enerji resurslarının ixracı digər ölkələr vasitəsilə tranzitdən asılıdır. Qazaxıstan müttəfiqləri ilə birgə fəal şəkildə alternativ nəqliyyat marşrutları hazırlayır. Bunların arasında həm də Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) mühüm təşəbbüsdür. 11 min kilometr uzunluğa malik bu yol Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək son nəticədə Avropaya çatır.

Qazaxıstan Fransaya xam neft tədarükünün həcminə görə ikinci yer tutur. Ölkə TBNM-in inkişafı çərçivəsində Xəzər dənizi vasitəsilə neft daşınması məqsədilə hər birinin dedveyti 8 min ton olan "Taraz" və "Liva" adlı iki neft tankeri satın alıb. Son statistik məlumatlar Aktau limanından Bakı limanına neft tədarüklərinin həcminin əhəmiyyətli dərəcədə artaraq oktyabr ayında 990 min 200 tona çatdığından xəbər verir ki, bu da illik hesablamada 7,25 dəfə artım deməkdir.

Qeyd etmək yerinə düşər ki, 2019-cu ilin dekabr ayından etibarən Özbəkistanın Nəvai vilayətində uran kəşfiyyatı və hasilatı üzrə ixtisaslaşmış "Nurlikum Mining" birgə müəssisəsi fəaliyyət göstərir. Fransada atom sahəsi üzrə lider olan "Orano" (51%) şirkəti ilə Özbəkistanın Dövlət Geologiya Komitəsi (49%) arasında 2022-ci ilin noyabr ayında uran hasilatı və emalı barədə saziş imzalanıb.

Özbəkistanla Fransanın "Nurlikum Mining" birgə müəssisəsi artıq sənaye sahəsində pilot layihə başladıb və lisenziyalaşdırılmış ərazisində uran hasilatının iqtisadi və ekoloji məqsədəuyğunluğunun təsdiqlənməsi üçün texniki-iqtisadi əsaslandırma hazırlayıb.

Qərb və Şərq iqtisadiyyatlarını birləşdirən üç potensial marşrut var: biri Rusiya ərazisindən, digəri İran ərazisindən, sonuncu isə Xəzər dənizi vasitəsilə Azərbaycandan Qazaxıstana uzanır. Qərb siyasi mülahizələr səbəbindən ilk iki marşrutla daşınmalarda məhdud imkanlarla üzləşir. Nəticə etibarilə, üçüncü variant olan Orta Dəhliz yeganə real variant olaraq qalır.

Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanmış sazişlərdə də qeyd olunduğu kimi, hazırda Orta Dəhlizin ötürücülük imkanlarının 2025-ci ilədək 10 milyon tona qədər çatdırılması üzrə səylər görülür. 2023-cü ildə Orta Dəhlizlə yük daşımalarının 2 milyon tona çatacağı gözlənilir.

Azərbaycan özünün nəqliyyat və logistikasının gələcək inkişafı üçün gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində işləyir. Ölkə hazırda Xəzər dənizində 50-dən çox gəmi ilə ən böyük ticari donanması ilə öyünə bilər. Proqnozlara görə, investisiya layihələri başa çatdıqdan sonra tanker və quru yük gəmilərinin illik istehsalı 6 gəmidən 10-15 gəmiyədək artırılacaq.

Azərbaycanın son 30 il ərzində nəqliyyat infrastrukturuna mühüm investisiyaları daha geniş miqyasda region ölkələri üçün yeni imkanlar yaradıb. Fransanın ticari əlaqələri, əsas xammal resursları və nəqliyyat infrastrukturu strateji olaraq Orta Dəhliz hüdudlarındadır. Bu nəqliyyat layihəsinin mühüm iştirakçısı olan Azərbaycan olmadan isə Fransa üçün zəruri bütün yüklərin tədarükü mümkünsüz görünür.

Bu səbəbdən, yaxşı olardı ki, Fransa Cənubi Qafqazın şərq hissəsinin potensialını daha diqqətlə araşdırsın.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti