Bakı. Trend:
Türkiyə Bolqarıstan vasitəsilə Avropa İttifaqına (Aİ) daha çox təbii qaz satmağa hazırdır, lakin şəbəkələrarası infrastrukturun inkişafına zəruri investisiyalara haqq qazandırmaq üçün uzunmüddətli öhdəliklərə ehtiyacı var.
Trend xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "Bloomberg" agentliyinə müsahibəsində deyib.
"Bizə lazım olan Türkiyə-Bolqarıstan şəbəkələrarası birləşmənin gücünün artırılmasıdır. Türkiyə onunla ildə 7 milyard kubmetr qaz tədarük edə bilər, lakin hazırda bu interkonnektor (Stranca-Malkoçlar) ildə 7 milyard kubmetr qazın yalnız yarısını qəbul edə bilir", - nazir deyib.
O qeyd edib ki, Türkiyə-Bolqarıstan interkonnektoru vasitəsilə Avropaya qaz tədarüklərinin həcmini ildə 10 milyard kubmetrədək artırmaq üçün Ankara SOCAR ilə işləyə bilər.
Bayraktar bu məsələ ilə bağlı SOCAR ilə mümkün əməkdaşlığın detallarını açıqlamayıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)