Bakı. Trend:
2025-ci ildə Səngəçal terminalı vasitəsilə Azərbaycanın “Şahdəniz” yatağından gündəlik orta hesabla təxminən 74,4 milyon standart kubmetr qaz (təxminən 2,628 milyard standart kub fut) ixrac olunub.
Trend bp-yə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ildəki 76 milyon standart kubmetrlə müqayisədə illik ifadədə 2,1 faiz azalma deməkdir.
Qaz Cənubi Qafqaz Boru Kəməri (SCP), o cümlədən SCP-nin genişləndirmə sistemi, həmçinin terminalın qaz emalı güclərini “Azəriqaz”ın milli şəbəkəsi ilə birləşdirən Azərbaycan boru kəmərləri vasitəsilə ixrac olunur.
2025-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından hasil olunan neft və qaz sualtı boru kəmərləri ilə Səngəçal terminalına nəql olunmağa davam edib.
Terminal sistemlərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon barel neft və kondensat, həmçinin “Şahdəniz” üzrə təxminən 81 milyon standart kubmetr qaz təşkil edir. Qaz üzrə ümumi ötürmə qabiliyyəti isə, o cümlədən “Azəri-Çıraq-Günəşli”dən (AÇG) hasil olunan səmt qazı da nəzərə alınmaqla, günə təxminən 100 milyon standart kubmetrə çatır.
