Dövlət Neft Şirkətindən Trend ə verilən xəbərə görə, Anshad Petrol Birgə müəssisəsi (BM) və "Gobustan Operating Company" əməliyyat şirkəti 2006-cı ilin yanvar -may aylarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) 13,8 milyon kubmetr sərbəst qaz satıb, bu da 2005-ci ilin analoji dövründəkindən 0,2 milyon kubmetr çoxdur. ARDNŞ-nin məlumatına görə, may ayında şirkətlər 1,82 milyon kubmetr qaz satıb.
Anshad Petrol qazı "Neftçala", "Xıllı" və "Babazanan" müqavilə sahələrindəki quyulardan əldə edir. BM ilk dəfə 2004-cü ilin aprel ayının əvvəlində 2 milyon kub metr qaz satıb. ARDNŞ Anshad Petrol-dan qazı 65 min AZM-ə alır ($13/1 min kub metr) və "Azəriqaz" QSC-ə verir. O da, öz növbəsində, yanacağı "Aztransqaz" İB vasitəsilə paylaşdırır.
Gobustan Operating Company (GOC) "Cənub - qərbi Qobustan" blokunun işlənməsi ilə məşğuldur. Bu şirkət sərbəst qazın satışına bu ilin fevral ayından başlayıb.
Anshad Petrol keçmiş NQÇİ "Netçalaneft" -in əsasında 1993-cü ildə ARDNŞ və Türkiyənin Atilla Dogan Petrol şirkəti arasında yaradılıb. 1994-1996-cı illərdə Anshad Petrol BM-in operatoru Atilla Dogan Petrol olub, lakin 1997-ci ildən etibarən ARDNŞ bu funksiyanı öz üzərinə götürüb. 1995-ci ildə Malayziyanın Land and General Berhad şirkəti Atilla Dogan Petrol şirkətinin payının 17,15%-ni almaqla, layihənin iştirakçısı olub.