...

"8 Mart" yatağında yeni quyuların qazıntısı bu yataqda hasilatı iki dəfə artırmağa imkan verəcək

Energetika Materials 25 İyul 2006 13:41 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azneft" İB bu il "8 Mart" yatağında 3 quyu qazacaq. Bu barədə Trend ARDNŞ-ə istinadən xəbər verib. Bu layihənin həyata keçirilməsi üçün əvvəllər işlək vəziyyətdə olmayan üç özülün əsaslı təmir edilməsi lazımdır.

ARDNŞ-də qeyd olunduğu kimi, özüllərin üzərində qazma dəzgahları quraşdırılacaq.

''Azərdənizneftiniaat'' və "'Xəzərdənizneftqaztikinti'' trestlərinin mütəxəssisləri özüllərin üst hissələrinin yenidən qurulması ilə məşğuldurlar. Avqustun 15-də 730 №-li özülün istismara verilməsi planlaşdırılır. Onun üzərində sənaye obyektləri ilə yanaşı 25 nəfərlik ikimərtəbəli yaşayış evi də quraşdırılıb. Qalan iki özül isə sentyabr ayında istismara veriləcək.

"8 Mart" yatağı 1988-ci ildən istismar edilir və dövlətə gündə 1 mln. kubmetr qaz verir. O, Abşeron yarımadasının cənubunda suyun 25-50 metr dərinliyində yerləşir. Hazırda yataqda yüksək debitli bir neçə quyu fəaliyyət göstərir. 1989-cu ildə qazılmış 589 №-li quyu artıq 17 ildir ki, təmirə dayanmayıb. Quyu sutkada 400 min kubmetr qaz və 30 ton kondensant verir. Bu ilin iyun ayında bu ərazidə yeni quyu istismara verilib və bu quyu sutkada 100 ton neft və 40 min ton kubmetr qaz verir.

Geoloqların hesablamalarına görə, ''8 Mart'' yatağında böyük həcmdə neft, qaz və kondensat ehtiyatları mövcuddur. Hazırda onlar yeni quyuların qazıntısı üçün 9 nöqtə təyin ediblər. 6 min metr dərinliyində qazılacaq quyuları üç dəzgahın köməyi ilə qazmaq nəzərdə tutulub. Onlar yarım il ərzində tamamlanacaq. Üç-dörd yeni quyunun istismara verilməsi hasilatı iki dəfə artırmağa və dövlətə sutkada 2,5 mln. kubmetr qaz təhvil verməyə imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti