...

Azərbaycanın sənaye və energetika naziri Pekində ağır neft hasilatına həsr olunmuş konfransda çıxış edəcək

Energetika Materials 9 Noyabr 2006 15:14 (UTC +04:00)

9-16 noyabr tarixlərində Pekində keçiriləcək ağır neft hasilatı və emalına həsr olunmuş xüsusi beynəlxalq konfransda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev "Azərbaycanın müasir enerji siyasəti" mövzusunda məruzə ilə çıxış edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Çin səfəri zamanı nazirin bu ölkənin sənaye və energetika sektorlarının rəhbərləri ilə görüşü də nəzərdə tutulur.

Konfransda ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və "Kürsəngi-Qarabağlı" müqavilə sahəsinin işlənməsi ilə məşğul olan Salyan oil şirkətinin nümayəndələri də iştirak edəcək.

Mayda Çinin CNPC şirkəti nümayəndə heyətinin Bakıya səfəri başa çatıb. Nümayəndə heyəti Sənaye və Energetika Nazirliyində və ARDNŞ-də görüşlər keçirib, neft hasilatı və emalı sahəsində çalışan azərbaycanlı mütəxəssisləri Çində keçiriləcək xüsusi konfransa dəvət edib.

Bu cür konfrans dünyada ilk dəfə olaraq keçiriləcək. Burada ağır neftin istehsalından tutmuş emalına qədər səmərəli istifadəsi ilə bağlı məsələlər müzakirə olunacaq. Konfransda ağır neft hasilatı və emalı sahəsində çalışan azərbaycanlı mütəxəssislərin çıxışı gözlənilir. Bütövlükdə, görüşdə dünyanın 500-dən çox şirkəti iştirak edəcək.

CNPC Azərbaycanda quruda yerləşən "Kürsəngi-Qarabağlı" və "Cənub-qərbi Qobustan" müqavilə sahələrinin operatorudur.

Xəbər lenti

Xəbər lenti