Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ "Şahdəniz" qaz kondensat yatağında ikinci quyu istismara verildikdən sonra Gürcüsatana veriləcək yanacağın həcmi artacaq. Bu barədə bazar ertəsi sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.
Onun sözlərinə görə, bu il Gürcüstana qaz Türkiyəyə satılmalı olan qiymətlə hər min kubmetr üçün 120 dollara veriləcək. Hazırda Gürcüstana sutka ərzində 1 mln. kubmetr qaz verilir. Türkiyə tərəfinin qazı almaq üçün texniki cəhətdən hazır olmaması səbəbindən bu ölkəyə düşən payın bir hissəsi Gürcüstana ixrac olunur.
Gürcüstanın bu il "Şahdəniz" yatağından alacağı təmin olunmuş qazın miqdarı 250 mln. kubmetrdir. Əlavə həcm isə danışıqlar mövzusudur.
Aprel ayında Azərbaycan Gürcüstana "Azəriqaz" QSC ilə bağlanmış müqavilə çərçivəsində köhnə Bakı-Tiflis kəməri ilə öz qazının tədarükünü başa çatdırıb. Bu razılığa əsasən Gürcüstana 105 mln. kubmetr qaz tədarük olunub. Qazın hər min kubmetrinin qiyməti 120 dollar təşkil edir.