Azərbaycan, Bakı/ " müxbir A.Qasımova/ Orta Asiya qazının Azərbaycandan keçməklə dünya bazarlarına çıxarılması üçün Xəzərin dibi ilə Transxəzər qaz boru kəmərənin çəkilməsi layihəsi bu günlərdə Aşqabadda müzakirə olunacaq. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Metyu Brayza bu məsələni iyulun 11-də Türkmənistana səfərində müzakirə etmək niyyətindədir.
Bu ərəfədə Brayza Vaşinqtonda mətbuat konfransında bildirib ki, Azərbaycan son aylar ərzində öz qazının Yunanıstan və İtaliyaya nəql olunmasına səy göstərir.
2007-ci ildə Azərbaycan Türkiyə ərazisindən Yunanıstana 400 mln. kubmetr qaz nəql etmək niyyətindədir.
Vaşinqtonda keçirilən Azərbaycan-Amerika məsləhətləşmələrini şərh edən Brayza qeyd edib ki, tərəflər müzakirələri xüsusilə infrastruktur təhlükəsizliyi üzərində qurublar.
"Türkmənistanın qərbində böyük qaz yataqları mövcuddur, biz bu qazın Avropaya yolunu Azərbaycandan uzatmaq istəyirik", - deyən Brayza əlavə edib ki, ABŞ Azərbaycan və Türkmənistanın əlaqələrində müsbət irəliləyişə nail olunması üçün yardım edir.
Mətbuat konfransında iştirak edən Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, rəsmi Bakı enerji xammalı marşrutlarının diversifikasiya siyasətini alqışlayır.
"Azərbaycan qazının Avropaya tranzitinin bir neçə variantı var. Azərbaycanın yanaşması kommersiya həyat tərzinə əsaslanır. Eyni zamanda Azərbaycan Avropanın enerji təhlükəsizliyinə yatırımlar qoymağa və maksimum çox sayda AB ölkəsi ilə əməkdaşlıq etməyə hazırdır", - deyən Əzimov qeyd edib ki, inhisarçılıq heç kimə xeyir gətirməyəcək.