...

Azərbaycan-Avropa “yaşıl enerji dəhlizi” üçün tezliklə Birgə Müəssisə yaradılacaq - Cavid Abdullayev (Özəl müsahibə)

Yaşıl iqtisadiyyat Materials 20 Fevral 2024 08:00 (UTC +04:00)
Azərbaycan-Avropa “yaşıl enerji dəhlizi” üçün tezliklə Birgə Müəssisə yaradılacaq - Cavid Abdullayev (Özəl müsahibə)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Avropa “yaşıl enerji dəhlizi” ilə bağlı tezliklə 4 ölkənin ötürücü sistem operatorları arasında Birgə Müəssisə yaradılacaq.

Bunu Trend-ə özəl müsahibəsində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.

"Qara Dənizin dibi ilə Azərbaycandan Avropaya "yaşıl enerji"nin ixracı layihəsi ilə bağlı məsləhətçi şirkətin seçimi ötən ilin sonlarında başa çatdı. Bu ilin əvvəlində həmin şirkətlə müqavilə imzalandı. Bu il ərzində layihə ilə bağlı təhlillər aparılacaq. Layihənin Qara Dəniz hissəsinə dair texniki-iqtisadi əsaslandırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir. Daha sonra Xəzər dənizindən Avropaya "yaşıl enerji"nin tədarük edilməsi ilə bağlı Azərbaycan tərəfindən texniki-iqtisadi əsaslandırılma hazırlanacaq. Müştərək müəssisənin bu ilin birinci yarımilində yaradılması planlaşdırılır", - o bildirib.

C.Abdullayev əlavə edib ki, Bolqarıstan da həmin layihəyə qoşulmaq üçün ciddi maraq göstərir.

"Eyni zamanda, Mərkəzi Asiya ölkələrindən də Xəzər dənizinin dibi ilə Avropaya "yaşıl enerji"nin ötürülməsi ilə bağlı danışıqlar gedir. Axınlar hər iki istiqamətdə gedə bilər. Bu istiqamətdə də bu il mexanizmlərin işə düşməsini, analoji təhlillərə başlanılmasını gözləyirik", - o deyib.

Eyni zamanda, Agentlik direktorunun sözlərinə görə, Naxçıvandan Türkiyəyə "yaşıl enerji" ixracı ilə bağlı önəmli addımlar atılıb.

"Layihə ilə bağlı texniki tapşırığın tez bir zamanda formalaşması gözlənilir. Bu layihə çərçivəsində marşrutun bütün mümkün variantlarını nəzərdən keçiririk. Təhlillər 6 ay və ya 1 il ərzində yekunlaşa bilər", - o deyib.

"Yaşıl enerji" layihələri üzrə hərraclar

C.Abdullayev qeyd edib ki, bərpa olunan enerji mənbələrindən istifadə özündə iki istiqaməti ehtiva edir: torpaqlardan səmərəli istifadə və şəbəkə infrastrukturunun gücləndirilməsi və onun imkanlarından düzgün şəkildə istifadə olunması.

"Azərbaycanda iki torpaq sahəsi Nazirlər Kabinetinin ötən il qəbul edilmiş qərarlarına uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisi elan edildi. Bu il biz bu prosesin sürətlənməsinin şahidi olacağıq. Bir sıra yeni bərpa olunan enerji əraziləri ilə bağlı tədqiqat və təhlillər başa çatıb. Hazırda təkliflərin verilməsi istiqamətində işlər gedir.

Tezliklə daha bir neçə ərazinin bərpa olunan enerji mənbələri ərazisi elan olunması gözlənilir. Bundan sonra həmin ərazilərdə istehsalçının seçilməsi prosesi başlayacaq. Bu, ya hərraclar vasitəsilə həyata keçiriləcək, strateji layihə olduğu halda isə birbaşa cəlbetmə yolu ilə reallaşa bilər. Hərraclar bu ilin ikinci rübü ərzində elan ediləcək və ilin sonuna kimi qalib şirkətlər müəyyən olunacaq", - o bildirib.

Agentlik direktorunun sözlərinə görə, şəbəkə ilə bağlı tədqiqatlar məsləhətçi şirkətlərin cəlb edilməsi ilə ötən il yekunlaşdı: "2027-ci ilə qədər təqribən 2 qiqavatta qədər bərpa olununan enerji mənbələrini şəbəkəyə inteqrasiya edə biləcəyik. Bu il yaşıl enerji sahəsində bir neçə təməlqoyma, və yeni layihələrin elan edilməsi gözlənilir".

"Yaşıl enerji" zonası

O vurğulayıb ki, "yaşıl enerji" zonasının yaradılması üzrə iki istiqamətdə işlər gedir: işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında.

"Naxçıvanda "yaşıl enerji"dən istifadə ilə bağlı investorlarla danışıqlar aparılır, torpaq sahələrinin müəyyən edilməsi ilə bağlı ciddi irəliləyişlər var. Bizim əsas məqsədimiz bu ərazidə "yaşıl enerji" zonasının formalaşdırılması üçün konseptual sənədin hazırlanmasıdır. Burada, əsasən, günəş enerjisi istehsalı layihələri həyata keçiriləcək.

ACWA Power, Masdar və SOCAR 500 meqavatlıq layihə üçün araşdırma aparırlar, "A-Z Czech Engineering" 500 meqavattlıq layihə üçün sənəd imzalayıb, TotalEnergies, Nobel Energy şirkətləri ilə də burada "yaşıl enerji" layihəsi ilə bağlı sənəd imzalanıb. Həmçinin, Türkiyə şirkətləri də Naxçıvanda bu layihələrə maraq göstərirlər", - C. Abdullayev əlavə edib.

“Şəfəq” günəş eletrik stansiyası

bp-nin Cəbrayılda həyata keçiridiyi “Şəfəq” (Sunrise) günəş eletrik stansiyası layihəsi ilə bağlı işlərdən danışan Agentlik direktoru bildirib ki, stansiyanın şəbəkəyə hansı sxemlərlə qoşulacağı razılaşdırılıb: "Layihə çərçivəsində imzalanacaq sənədlərin layihələri hazırlanıb, beynəlxalq hüquq məsləhətçisi cəlb olunub. Sənədlərin ilin birinci yarısında imzalanması gözlənilir. Buraya investisiya müqaviləsi, enerjinin alqı-satqı müqaviləsi daxildir".

Hidrogen istehsalı və ixracı

C.Abdullayev vurğulayıb ki, hidrogen istehsalı ilə bağlı Azərbaycanda işçi qruplar formalaşıb.

"Bu fəaliyyətə Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) də cəlb olunub. Xarici şirkətlərdən Azərbaycandan yaşıl hidrogen istehsalı ilə bağlı aktiv şəkildə təkliflər gəlir. Biz həmin layihələrin ən optimal formada həyata keçirilməsinin yollarını müəyyən edirik. Azərbaycandan hidrogen ixracı ilə bağlı dörd istiqamət nəzərdən keçirilə bilər: hidrogen qarışığının Cənub Qaz Dəhlizi ilə tədarükü, hidrogen ixracı üçün ayrıca boru xəttinin çəkilməsi, Avropa ölkələrinə yaxın ərazidə Azərbaycandan ixrac olunan "yaşıl enerji"dən hidrogen istehsalı üçün elektrolayzerlərin quraşdırılması və hidrogendən istehsal olunan məhsulların ixracı. Dünyanın qabaqcıl şirkətləri tərəfindən hidrogen ixracı ilə bağlı innovativ təkliflər irəli sürülür. Hazırda həmin təklifərin dəyərləndirilməsi aparılır", - o bildirib.

Agentlik direktoru qeyd edib ki, bu ilin Azərbaycanda Yaşıl Dünya Naminə Həmrəylik İli elan edilməsi "yaşıl enerji" istiqamətində layihələrin həyata keçirilməsində daha ciddi irəliləyişlərin olacağından xəbər verir.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti