Bakı. Trend:
Azərbaycanın noyabrda COP29-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda paytaxt Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı ərəfəsində cəmiyyəti maarifləndirərək səfərbər etmək məqsədilə ilk İqlim Fəaliyyəti Həftəsinə hazırlıq görür.
Trend bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat
xidmətinə istinadən məlumat verir.
COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainin
təşəbbüsü ilə təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi 30
sentyabr bazar ertəsindən 4 oktyabr cümə gününə qədər keçiriləcək.
Hazırda dünyanın şəhər səviyyəli ən böyük ictimai iqlim tədbiri -
London İqlim Fəaliyyəti Həftəsi ilə əməkdaşlıq çərçivəsində təşkil
olunan Bakı İqlim Fəaliyyəti Həftəsində yüksək səviyyəli beynəlxalq
konfransların, eləcə də çoxtərəfli yerli və icma yönümlü
tədbirlərin keçirilməsi planlaşdırılır.
COP29 Sədrliyinin sıx qrafiki fonunda keçiriləcək Bakı İqlim
Fəaliyyəti Həftəsi iqlim dəyişmələri ilə mübarizə sahəsində həm
Bakı şəhəri, həm də ümumilikdə Azərbaycan tərəfindən görülən
genişmiqyaslı işləri, habelə iqlim fəaliyyətinə dəstək olmaq üçün
beynəlxalq əməkdaşlığın təşviqini ön plana çəkəcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi Azərbaycanda iqlim dəyişmələrinə
qarşı mübarizə tədbirlərini sürətləndirmək üçün dövlət səviyyəsində
aparılan müzakirələrin genişləndirilməsi baxımından növbəti
əhəmiyyətli mərhələdir. İqlim Fəaliyyəti Həftəsi siyasi lider və
şirkət rəhbərlərindən tutmuş yerli icma və gənclərə qədər hər kəsi
cəlb etməklə yanaşı, Azərbaycanın iqlim dəyişmələrindən irəli gələn
cari problemlərini həll etmək və “yaşıl” keçidin təklif etdiyi
imkanları araşdırmaq üçün maarifləndirici və stimullaşdırıcı
platforma olacaqdır.
Bakı İqlim Fəaliyyəti Həftəsinə start veriləcəyini elan edən
COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai qeyd
etmişdir ki: “Azərbaycan cari ilin noyabrında COP29 konfransına ev
sahibliyi etməkdən şərəf duyur və COP29 Sədrliyi iqlim dəyişmələri
ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək üçün bu
tədbirin uğurlu olmasına çalışır. Bizə məlumdur ki, həm şəhərlər,
həm də özəl sektor iqlim həllərinin inkişaf etdirilməsi və
beynəlxalq diplomatiyaya dəstək göstərilməsində əsas rol oynayır.
Məhz buna görə də, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu
olaraq mən və COP29 Sədrliyi ilk Bakı İqlim Fəaliyyəti Həftəsinə ev
sahibliyi etməkdən qürur duyuruq.”
COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev bildirmişdir ki:
“Azərbaycan üçün bu qədər önəmli bir ildə Bakı İqlim Fəaliyyəti
Həftəsinin keçirilməsi ölkəmizdə iqlim dəyişmələrinə qarşı
mübarizəni sürətləndirmək məqsədilə dövlət səviyyəsində aparılan
müzakirələrin genişləndirilməsi baxımından növbəti mühüm
mərhələdir. Azərbaycan örnək olmaq istəyir və COP29-un ambisiyaları
artırmaq və fəaliyyətə təkan vermək məramı üçün həm inkişaf etmiş,
həm də inkişaf etməkdə olan ölkələr üzərilərinə düşən rolu
layiqincə yerinə yetirməlidir. Cari ilin noyabr ayında Bakıda
keçiriləcək COP29 konfransında dünya ölkələrini qarşılamaq üçün
hazırlıq gördüyümüz bir ərəfədə Bakı İqlim Fəaliyyəti Həftəsi kimi
tədbirlər siyasi lider və şirkət rəhbərlərindən tutmuş yerli icma
və gənclərə qədər hər kəsi bir arada toplayaraq maarifləndirici və
stimullaşdırıcı platformanı təmin edir, biz isə Azərbaycanın iqlim
dəyişmələrindən irəli gələn cari problemlərinin həllini və “yaşıl”
keçidin təklif etdiyi imkanların araşdırılmasını davam etdiririk.
Azərbaycanın strateji konsepsiyasına uyğun olaraq, paytaxt Bakı
şəhəri də bərpa olunan enerji texnologiyalarının araşdırılmasını və
tətbiqini davam etdirir. Həmçinin, “yaşıl” keçidin faydaları barədə
məlumatlılığı həm yerli, həm də beynəlxalq səviyyədə artırmaq üçün
insanları bir araya gətirmək müsbət bir təşəbbüsdür. Ümidvarıq ki,
Bakı İqlim Fəaliyyəti Həftəsi COP29-a doğru böyük bir addım olmaqla
yanaşı, cəmiyyətdə iqlim fəaliyyətini səfərbər etmək əzmimizi də
əyani şəkildə sərgiləyəcək.”
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə bunları
əlavə etmişdir: “Həm Bakı şəhəri, həm də ümumilikdə Azərbaycan üçün
maraqlı və önəmli bir ildə bu cür genişmiqyaslı və yüksək profilli
tədbiri təşkil və idarə etmək bizim üçün qürurverici vəzifədir.
Noyabr üçün hazırlıqlar davam edir və biz COP29 konfransını dünya
səviyyəli tədbirlərdən biri kimi təşkil etmək üçün hazırlıq
işlərini qrafikə uyğun davam etdiririk. Artıq Bakı şəhəri qlobal
konfranslara ev sahibliyi sahəsində təcrübəlidir və bu il də belə
olacaq, yəni Bakı İqlim Fəaliyyəti Həftəsi bu ənənənin yeni
davamına çevriləcəkdir. Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk
tədbiri üçün nəzərdə tutulmuş məkanlar Bakının zəngin mədəni
irsinin müxtəlif aspektlərini vurğulamaqla yanaşı, qədim bir şəhər
ilə keçid dövründə olan bir ölkənin hekayəsini anlatmağa kömək
etmək məqsədilə seçilib.”
London İqlim Fəaliyyəti Həftəsi ilə Bakı İqlim Fəaliyyəti Həftəsi
arasında əməkdaşlıqla bağlı London İqlim Fəaliyyəti Həftəsinin
təsisçisi və sədri, iqlim dəyişmələri sahəsində göstərdiyi səylərə
və COP26 (BB) Sədrliyinə göstərdiyi dəstəyə görə Britaniya
İmperiyası Ordeninə (OBE) layiq görülmüş Nik Mabey bildirmişdir ki:
“Biz COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu və onun
komandasını 22-30 iyun 2024-cü il tarixlərində Londonda keçirilmiş
İqlim Fəaliyyəti Həftəsində qəbul etdiyimiz üçün çox məmnunuq.
Londonda cəmiyyətin bütün təbəqələrini səfərbər edən bu unikal
model Oklend, Sidney və Dublin kimi şəhərlərdə də bənzər həftələrin
keçirilməsinə stimul verib. İndi isə Bakıda bu layihə üzərində
işləmək bizim üçün qürurverici haldır.”
Bakı İqlim Fəaliyyəti Həftəsinin proqram direktoru Malini Mehri isə
qeyd etmişdir ki: “Dünya ictimaiyyətinin də görəcəyi kimi, Bakı
qeyri-adi gözəlliyi olan və “yaşıl” keçid tarixində mühüm rol
oynayacaq bir şəhərdir. Biz COP29-un İqlim üzrə yüksək səviyyəli
çempionu, COP29 Sədrliyi, Bakı şəhəri, əsas maraqlı tərəflər və
yerli icmalarla birlikdə Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk
tədbirini həyata keçirməkdən çox məmnunuq. Bu, COP29 ərəfəsində
Bakı ilə tərəfdaşlıq üçün əlamətdar bir hadisə olacaq!”
Builki tədbirin əsas mövzuları “Enerji keçidi”,
“Şəhərlər/Urbanizasiya olunmuş mühitlər”, “Su təhlükəsizliyi”,
“Qida və Kənd təsərrüfatı”, “Kiçik və Orta biznes müəssisələri” və
“Yaşıl bacarıqlar” olacaq.
Həftənin birinci yarısında tədbirdə dövlət qurumları, elmi dairələr
və özəl sektor nümayəndələri iştirak edəcək, ikinci yarısında isə
incəsənət və mədəniyyət tədbirləri təşkil olunacaqdır.
Daha ətraflı məlumat və Bakı İqlim Fəaliyyəti Həftəsinin proqramı
tezliklə www.bakuclimateactionweek.az
veb-saytında yerləşdiriləcək.