Bakı. Trend:
Bu gün Bakıda COP29-a həsr olunmuş “İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi” çərçivəsində keçirilən beynəlxalq konfransın üçüncü günü keçirilib.
Trend xəbər verir ki, konfransın üçüncü gününün əsas mövzusu "Yaşıl iqtisadiyyat: bacarıqların həlli, maliyyələşmə və ədalətli keçid" olub.
Çıxış edənlər arasında COP29 üzrə BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu (UN Climate Change High-Level Champion) Nigar Arpadarai, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dünya Bankının Azərbaycan üzrə təyin olunmuş ölkə meneceri Stefani Stolmeyster, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Siemens Energy şirkətinin vitse-prezidenti Maksim Zubov, Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Abbas İbrahimov və digər rəsmi şəxslər olub.
Qeyd edək ki, bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində şəhərin müxtəlif guşələrində bir çox tədbirlər təşkil ediləcək.
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, 2018-2024-cü illər arasında Azərbaycanda əmək müqavilələrinin sayı 44 faiz artıb.
"Son 6 il ərzində əmək müqavilələrinin sayı 44% artıb ki, bu da 563 min yeni müqavilə deməkdir. Eyni zamanda, bu dövr ərzində məşğulluq xidmətləri 650 min nəfəri işlə təmin edib. Hesabat dövründə 36 min nəfər peşə hazırlığı kurslarından keçib, 2,6 min nəfər əmək haqqının yarıbayarı maliyyələşdirilməsi proqramına cəlb edilib, 86 min ailə isə özünüməşğulluq proqramının iştirakçısı olub", - o vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan karbon qazı emissiyalarının azaldılması və təkrar emal səviyyəsinin artırılması istiqamətində səyləri fəal şəkildə dəstəkləyir, bu prosesi bütün iqtisadi fəaliyyət iştirakçıları üçün mümkün qədər rahat və problemsiz etmək məqsədi daşıyır.
“Xüsusilə Azərbaycan üçün aktuallıq kəsb edən "yaşıl" iqtisadiyyata sürətli keçid şəraitində, bu transformasiyanın insan kapitalının inkişafı və sosial siyasətə təsiri mühüm məsələlərdən biri olaraq qalır. Bu, iqtisadiyyatın idarə olunmasında qabaqcıl və yaradıcı yanaşmaların tətbiqini tələb edir. Hazırda qlobal miqyasda yeni çağırışlar yaranır ki, bu da təcili həll yolları tələb edir.
COVID-19 pandemiyasının nəticələri işsizliyin artması, ekstremizm, beynəlxalq təşkilatlanmış cinayətkarlıq, separatizm və maliyyə böhranları milyonlarla insana mənfi təsir göstərməyə davam edir. Bu kontekstdə sosial cəhətdən həssas qruplar – əlillər, qadınlar, gənclər və qeyri-formal iqtisadiyyatda çalışanlar xüsusilə həssaslıq nümayiş etdirirlər.
Müasir beynəlxalq təhlükəsizlik sistemi də kardinal dəyişikliklərə məruz qalır ki, bu da yeni risklər və təhdidlər yaradır. Bu dəyişikliklər fonunda qlobal istiləşmənin təsirlərini minimuma endirmək və iqlim dəyişikliyinin dünya iqtisadiyyatına təsirini azaltmaq istəyirsə, dünya birliyi üçün "yaşıl" iqtisadiyyata keçid qaçılmazdır” , - o qeyd edib.
Onun sözlərinə görə, bu keçid ən qısa müddətdə və sosial ədalət prinsiplərinə riayət etməklə baş verməli, inklüziv mühit yaradılmalı və əmək hüquqları qorunmalıdır.
“Bu gün həm dünya birliyi, həm də Azərbaycan karbon emissiyalarının azaldılması və təkrar emal səviyyəsinin artırılması istiqamətində səyləri fəal şəkildə dəstəkləyir və bu prosesi bütün iqtisadi fəaliyyət iştirakçıları üçün mümkün qədər rahat və ağrısız etmək üçün çalışır”, - nazir əlavə edib.
O qeyd edib ki, "yaşıl" iqtisadiyyata keçid işçi qüvvəsinin hərəkətliliyinin artırılmasını və onun yenidən peşəkar hazırlıq və adaptasiya şəraitinin yaradılmasını tələb edəcək.
Nazir qeyd edib ki, araşdırmalar göstərir ki, "yaşıl" iqtisadiyyata keçid əmək bazarına ciddi təsir göstərəcək, yeni iş yerləri açılacaq, lakin neft və qaz hasilatı kimi ənənəvi sahələrdə struktur dəyişikliyinə səbəb olacaq.
"Bu transformasiyanın sürəti və keyfiyyəti, əsasən, ixtisaslı mütəxəssislərin hazırlanmasından və işçi qüvvəsinin idarə edilməsinin effektivliyindən asılı olacaq. Digər tərəfdən, rəqəmsallaşma və yeni texnologiyaların inkişafı əmək bazarındakı dəyişiklikləri sürətləndirəcək, yeni peşələr və ixtisaslar yaradacaq, mövcud bacarıqların tez köhnəlməsinə gətirib çıxaracaq. Bu, işçi qüvvəsinin hərəkətliliyinin artırılmasını və onun yenidən peşəkar hazırlıq və adaptasiya şəraitinin yaradılmasını tələb edəcək", - deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, "yaşıl" iqtisadiyyata keçid şəraitində vətəndaşların əmək və sosial hüquqlarının müdafiəsi insan kapitalının inkişafı konsepsiyasının vacib elementinə çevrilir.
"Dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycan üçün də bu məsələ xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq təşkilatların məlumatlarına görə, son illərdə bir çox inkişaf etmiş ölkələrdə milli sərvətin strukturunda əhəmiyyətli dəyişikliklər müşahidə olunur", - o əlavə edib.
Nazir vurğulayıb ki, sosial müdafiə sistemi "yaşıl" iqtisadiyyata keçid prosesini dəstəkləməli və yeni şəraitə uyğunlaşmalıdır.
"Azərbaycan regional və qlobal çağırışlara baxmayaraq, əhalisinin rifah səviyyəsini artırmağa davam edir və bunu özünün prioritet vəzifəsi kimi müəyyən edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü sosial dövlət quruculuğu siyasəti həyata keçirilir. Bu siyasətin mühüm elementləri sosial proqramların əhatə dairəsinin və ünvanlılığının genişləndirilməsi, sosial təminat xidmətlərinə çıxışın sadələşdirilməsi və sosial xidmətlərin göstərilməsində innovativ texnologiyaların tətbiqidir ki, bu da aztəminatlı ailələrə effektiv yardım göstərməyə imkan yaradır", - nazir qeyd edib.
Dünya Bankının Azərbaycan üzrə təyin olunmuş ölkə meneceri Stefani Stolmeyster qeyd edib ki, "yaşıl" keçid Azərbaycanın əmək bazarını modernləşdirmək üçün yeni imkanlar açır.
Stefani Stolmeyster vurğulayıb ki, Azərbaycan 2010-2020-ci illər üzrə Dünya Bankının İnsan Kapitalı İndeksində göstəricilərini yaxşılaşdıran ölkələr arasında liderlər sırasına daxil olub.
"Bu, əhəmiyyətli nailiyyətdir. Azərbaycanda təhsilə çıxış ümumidir. Təhsil sistemində əsas məsələlərdən biri Azərbaycan gənclərini “yaşıl” iqtisadiyyata keçidin yeni çağırışlarına hazırlamaqdır. Digər vacib aspekt isə səhiyyədir.
Bir çox ölkələrdə olduğu kimi, bir çox xəstəliklər Azərbaycanda da sağlamlıq və həyat itkisinə səbəb olur. Burada Azərbaycan qonşularından və tərəfdaşlarından insan kapitalının daha səmərəli istifadəsi ilə bağlı çox şey öyrənə bilər. "Yaşıl" keçid Azərbaycanın əmək bazarını modernləşdirmək üçün yeni imkanlar açır", - o bildirib.
COP29-un gənclər iqlim çempionu Leyla Həsənova bildirib ki, milli iqlim planlarının hazırlanmasında gəncləri dinləmək çox vacibdir.
Onun sözlərinə görə, iqlim dəyişikliyi artıq uzaq bir təhlükə deyil. Azərbaycanda temperatur artımı və su qıtlığının artması müşahidə olunur.
"Bu, bizim sağlamlığımıza və rifahımıza birbaşa təsir etməyə başlayır və təəssüf ki, gələcəkdə daha ciddi nəticələr ola bilər. Gənc və gələcək nəsillər bu problemin yaranmasına ən az töhfə vermiş olsalar da, ən yüksək qiyməti ödəmək məcburiyyətində qalacaqlar", - o bildirib.
L.Həsənova vurğulayıb ki, COP29-un sədri yalnız bu il deyil, həm də COP29-dan sonrakı dövrdə uşaqlar və gənclər üçün inklüziv nəticələr əldə etməyin vacibliyini qəbul edir.
"Dünyada hökumətlər növbəti nəsil milli iqlim planlarını hazırlayarkən, gənclərin səslərini dinləmək vacibdir. Bizim baxışlarımız, innovasiyalarımız və qətiyyətimiz ambisiyalı və effektiv iqlim strategiyalarının formalaşmasında əsas rol oynayır və bu strategiyalar bizim, uşaqlarımızın ehtiyaclarını və prioritetlərini əks etdirir", - o əlavə edib.
UNICEF-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə dayanıqlı inkişaf və iqlim məsələlərinə dair regional müşaviri Mariya Osbek bildirib ki, son 17 ildə fondlar (vertical funds) tərəfindən ayrılan iqlim maliyyəsinin sadəcə 2,4 faizi uşaqlara yönəldilib.
"Son 17 ildə fondlar tərəfindən ayrılan iqlim maliyyəsinin sadəcə 2,4 faizi uşaqlara yönəldilib. Bu, şübhəsiz, iqlim maliyyələşdirilməsində yeni məqsədlərin uşaqların maraqlarını nəzərə almalı olduğuna bir işarədir", - o bildirib.
M.Osbek qeyd edib ki, Avropa və Mərkəzi Asiyada, o cümlədən, Aİ ölkələrində 160 milyon uşaq iqlim dəyişikliyinin təsirlərinə qarşı yüksək və ya orta dərəcədə həssas kateqoriyaya daxildir.
"Ətraf mühit və iqlim dəyişikliyi, 5 yaşdan aşağı uşaqlarda sağlamlığın pisləşməsinə səbəb olan 5 əsas risk faktorundan 3-dür ", - o əlavə edib.
İqlim həftəsi çərçivəsində paytaxtın müxtəlif yerlərində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Tdəbir öz işini sabah davam etdirəcək.