Bakı. Trend:
"Troyka"nın məqsədi problemlərimizin birgə həll yollarını tapmaq və COP31 çərçivəsində fəaliyyətlərimizi möhkəmləndirməkdir.
Trend xəbər verir ki, bunu Braziliyanın ətraf mühit və iqlim dəyişikliyi naziri Marina Silva COP29 çərçivəsində keçirilən “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlı tədbirdə deyib.
"BƏƏ-də əldə edilən konsensus, Missiya 1.5-in yol xəritəsini hazırlamaq üçün vasitə kimi "Troyka"nı təsis etdi. Bizim əsas məqsədimiz qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq və qlobal dayanıqlığı gücləndirmək hədəflərini əlçatan səviyyədə saxlamaqla, beynəlxalq əməkdaşlığı gücləndirmək və Milli Müəyyən edilmiş Töhfələrin növbəti raundunda ambisiyaları yüksəltməkdir.
İqlim fövqəladə halının reallığı bütün qitələrdə hiss olunur. Xüsusilə dünyanın ən böyük emissiyaçıları arasında ambisiyaları artırmaq və bunu həyata keçirmək üçün lazımi vəsaitləri səfərbər etmək təcilidir.
Bununla belə, bizim daha çox maliyyələşdirməyə ehtiyacımız var, texnologiyaya çıxışımız lazımdır və biz inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə dəstək verməyə çağırırıq", - o bildirib.
Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.