Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Azərbaycan elektron tədarük sahəsində Latviyanın təcrübəsindən istifadə edə bilər. Bu barədə Bakıda Latviyanın elektron idarəetmə işləri üzrə xüsusi təyinatı naziri İne Qudele məlumat verib.
"Latviyada elektron tədarük xidməti tətbiq olunub. Bu, vaxta və dövlət tədarükünün müxtəlif formaları üçün maliyyə vəsaitinə qənaət etməyə imkan verir" - deyə Qudele bildirib.
Nazir qeyd edib ki, Azərbaycan dövlət idarəçiliyində Avropa prinsiplərinin bu formasının tətbiq edilməsi niyyətində olduğunu bildirib. "Biz özümüzdə bu prosesləri keçmişik və indi bizim böyük təcrübəmiz var. Əgər artıq hazır olanı mənimsəmək imkanı varsa, o zaman vaxt itirmək deyil, irəli getmək lazımdır" - deyə Latviya naziri vurğulayıb.
Qudelenin rəyinə görə, son iki ildə Azərbaycanda informasiya texnologiyaları sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib.
"Mən Azərbaycanın informasiya texnologiyalarının inkişafına fəxrlə baxıram" - deyə nazir əlavə edib.
Ölkələr arasında gələcək əməkdaşlığın perspektivləri barədə danışan nazir qeyd edib ki, tərəflər Avropa fondlarının maliyyələşdirə biləcəyi birgə layihələrin reallaşdırılmasına dair razılığa gələcəklər.
"Biz hər iki ölkədə istifadə oluna biləcək layihələrin yaradılmasında maraqlıyıq. Bu, daha sıx əməkdaşlıq istiqamətində atılan daha bir addımdır" - deyə Qudele bildirib.