Azərbaycan, Bakı, 19 fevral/ Trend / Azərbaycanın ən iri mobil rabitə operatoru Azercell Telecom "Uğurlu rebrendinqə görə" nominasiyasında "Ugur 2007" mükafatına layiq görülüb. Bu barədə şirkətdən məlumat veriblər.
Təqdimatda əvvəlcə "Azercell" -in uğurlu fəaliyyətini əks etdirən bir neçə dəqiqəlik video çarx nümayiş etdirilib. Süjetdə qeyd edildiyi kimi, 3 milyon abonenti olan "Azercell Telekom" 2000-ci ildə özünün keyfiyyətli idarəetmə sistemini qurub və buna görə regionda ilk dəfə olaraq, bu sistemin Beynəlxalq İSO 9001 standartına uyğunluğu barədə sertifikat alıb.
Mükafatı "Azercell Telekom"un mətbuat katibi Rüfət Abbasov qəbul edib. 12 il Azərbaycana və azərbaycanlılara xidmət göstərən "Azercell" ötən ilin əvvəlində "Bizi birləşdirən dəyər" adı altında özünün yeni Korporativ Brendini açıqlayıb. "Biz bu şüar altında fəaliyyət göstərərək, Azərbaycanın qürur duyacağı şirkət olmaq niyyətindəyik", - o bildirib.
"Ugur 2007" mükafatı bəzi iş adamları, şirkət və təşkilat rəhbərlərinə verilib. Mükafatın laureatları onun təsisçisi olan "Consulting & Business" jurnalı tərəfindən keçirilən sorğu nəticəsində müəyyən edilib.
Respondentlər, demək olar, hər il "Azercell Telekom" -un uğurlarını qeyd ediblər. Belə ki, "Azercell Telekom" 2000-ci ildə "Xidmət həcminin və keyfiyyətinin stabil inkişaf sürətinə" görə, 2002-ci ildə "Ən yaxşı idarəetməyə" görə "Uğur" mükafatına layiq görülüb. 2003-cü ildə "Azercell" ilin şirkəti seçilib. 2004-cü ildə "İlin xeyriyyəçisi" adına layiq görülən şirkət "GəncSim" -ə görə 2005-ci ildə "İlin layihəsi" mükafatını alıb. Elə həmin il "Azercell" həm də "Telekommunikasiya" nominasiyasında qalib çıxıb. Şirkətin baş müdiri Halim Ateş isə, ötən il "İlin top meneceri" kimi, "Uğur" mükafatı ilə təltif edilib.