Azərbaycan, Bakı, 18 noyabr/ Trend / Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Azerpocht Dövlət Müəssisəsinin nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının (ÜPİ) ali idarəedici orqanlarının - İnzibati Şura və Poçt İstismarı Şurasının sessiyasında iştirak edib.
Rabitə Nazirliyinin məlumatında bildirilir ki, sessiya çərçivəsində Azərbaycan İnzibati Şura və Poçt İstismarı Şurasının tərkibində fəaliyyətini həyata keçiriəcək işçi və layihə qruplarının əksəriyyətində təmsilçilik alıb.
Oktyabrın 29-dan noyabrın 14-dək ÜPİ-nin iclasında 102 ölkə, səkkiz beynəlxalq təşkilat, 19 regional ittifaq və digər qurumlardan mindən çox nümayəndə iştirak edib.
Rabitə Nazirliyində hesab edirlər ki, Azərbaycanın ÜPİ-nin rəhbər orqanlarında üzvlüyü ölkəyə təşkilatın əsas fəaliyyət məsələləri üzrə qərarların formalaşdırılmasına təsir etmək imkanı verir. Belə ki, sessiya çərçivəsində Azərbaycanın ÜPİ-nin Konvensiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı doqquz təklifindən biri qəbul edilib. O, beynəlxalq mübadilə üzrə qarşılıqlı hesablamalarda minimal saldo üçün müəyyən edilmiş məhdudiyyətlərin ləğvi nəticəsində,bir neçə min dollar əlavə gəlirin alınmasına şərait yaradır.
Düzəlişin qəbulu nəticəsində, məbləğdən asılı olmayaraq, poçt operatorları arasında qarşılıqlı hesablamalar üzrə borcların tərtib edilməsi, statistik hesabatların hazırlanması və auditor yoxlamaları zamanı anlaşılmazlıqların aradan qaldırılmasına imkan yaranır.
Sessiya çərçivəsində bir sıra ölkələrin poçt administrasiyalarının nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib, Azərbaycan poçtu ilə bağlı məsələlər müzakirə olunub.