...

Azərbaycanda mobil rabitə operatorlarının manat tarifinə keçidi qaçılmazdır - ekspert

Telekommunikasiya Materials 13 İyul 2010 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda mobil rabitə operatorlarının manat tarifinə keçidi qaçılmazdır. Bu barədə Trend-ə RCom şirkətinin rəhbəri Seymur Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, Türkiyədə rabitə operatorlarının hökumətin sərt tələbi ilə pul tarifinə keçməsindən sonra Azərbaycanda manat tarifinə keçidlə bağlı məsələ aktuallıq qazanıb.

"Bu gün mobil rabitə operatorlarının abunəçiləri konturlardan təkcə danışıq üçün deyil, həm də çoxmedialı kontentin əldə olunması, bir sıra ölkələrdə isə ictimai nəqliyyatda gedişə görə ödənişlər üçün də istifadə edirlər. Danışıq vaxtı ödəniş vasitəsinə çevrilir, kontur sisteminin mövcud olması isə mikroödəmələrin həyata keçirilməsi zamanı problemlər yaradır. Çünki abunəçi bu və ya digər kontentin və xidmətin əldə olunması zamanı ödəyəcəyi məbləğ barədə təsəvvürə malik olmur. Manat tarifinə nə zaman keçiləcəyi hələlik məlum deyil, lakin əgər dövlət sərt tələblə çıxış etməsə, o zaman hər bir operator özü üçün keçid vaxtı seçə bilər", - Məmmədov deyib.

RCom rəhbəri hesab edir ki, manat tarifləşməsinə keçid operatorlar qarşısında həlli zəruri olan bir sıra çətin tapşırıqlar qoyur. Operatorlar marketinq strategiyasını kökündən dəyişməli, texniki xarakterli məsələləri həll etməli, billinq sistemini yenidən qurmalıdırlar.

Bu günədək Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ölkənin mobil rabitə operatorlarına billinq sistemindən manat tarifləşməsinə keçid barədə tapşırıq verilib. Bu istiqamətdə zəruri işlərin həyata keçirilməsi üçün nazirliyin və operatorların nümayəndələrinin qarşılıqlı fəaliyyətinə dair qərar qəbul edilib.

Bir müddət əvvəl rabitə nazirinin müavini İltimas Məmmədovun dediyi kimi, operatorların kontur tarifindən manat tarifinə keçidi texniki hazırlıq, eləcə də abunəçilərlə bağlanan müqavilələrdə bəzi dəyişikliklərin edilməsini tələb edir.

"Şəbəkə hazır olduqdan sonra operatorlar manat tarifinə keçidi həyata keçirəcəklər", - Məmmədov deyib.

Azərbaycanda GSM standartları ilə üç mobil operatoru - Bakcell, Azercell və Azerfon fəaliyyət göstərir. Billinq sistemini tamamilə pul vahidləri ilə tarifləşdirən yeganə operator "Azerfon" MMC-dir. Bakcell və Azərcell operatorları "pre-paid" abunəçilər üçün kontur sistemi tətbiq edirlər.

Xəbər lenti

Xəbər lenti