...

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri ABŞ-da səfərdə olub

Telekommunikasiya Materials 23 Sentyabr 2010 18:45 (UTC +04:00)
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sentyabrın 17-20-dək Nyu-Yorkda səfərdə olub. O, Minilliyin İnkişaf Məqsədlərinə həsr olunan BMT-nin genişzolaqlı rərəmsal inkişaf üzrə komissiyasının iclasında iştirak edib.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri ABŞ-da səfərdə olub

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sentyabrın 17-20-dək Nyu-Yorkda səfərdə olub. O, Minilliyin İnkişaf Məqsədlərinə həsr olunan BMT-nin genişzolaqlı rərəmsal inkişaf üzrə komissiyasının iclasında iştirak edib. Bu barədə cümə axşamı nazirliyin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, səfər Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU - International Telecommunication Union) baş katibi Hamadun Ture və YUNESKO-nun baş dierktoru İrina Volkovanın dəvəti ilə baş tutub.

Abbasov iştirakçıları Azərbaycanda İKT sahəsində həyata keçirilən islahatlar, planlar, regional və beynəlxalq layihələr haqqında məlumatlandırıb, yekun hesabatın və BMT baş katibinə təqdim etmək üçün komissiyanın xüsusi bəyannaməsinin hazırlanmasında iştirak edib.

Azərbaycan bəyannamədə Sinqapur və Yeni Zelandiya ilə yanaşı, dünyada İKT-nin tətbiqi sahəsində dövlət siyasəti sayəsində ən inkişaf edən ölkələr sırasında göstərilib.

Komissiyanın iclasında BMT-nin baş katibi Pan Gi Mun, İT şirkətlərinin, eləcə də qeyri-hökumət və beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Abbasov ITU-nun baş katibi Hamadun Ture, YUNESKO-nun baş direktoru İrina Volkova, Koreyanın informasiya cəmiyyəti Milli Agentliyinin prezidenti Kim Seanq-Tae, Avstraliyanın Genişzolaqlı internet, rabitə və rəqəmsal iqtisadiyyat naziri Stefan Konroy və digər rəsmi şəxslərə görüş keçirib.

Səfərin ikinci günü nazir Əli Abbasov BMT baş katibinin müavini Şa Zukanq tərəfindən qəbul edilib. Zukanq Azərbaycanın son illərdə İKT sahəsində apardığı işləri region üçün əhəmiyyətli və beynəlxalq birlik üçün "gözəl nümunə" kimi qiymətləndirib. O, BMT-də qətnaməsi qəbul edilmiş Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsini Qərblə Şərqi birləşdirəcək mühüm qlobal layihə adlandırıb və bu layihənin reallaşmasında öz daimi dəstəyini əsirgəməyəcəyini bildirib. Zukanq cari ilin 23-26 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək beynəlxalq "BakuTel-2010" sərgi-konfransının region üçün mühüm hadisə olduğunu bildirib və tədbirdə iştirak edəcəyini qeyd edərək, bu iştirakı zamanı Azərbaycanın uğurları ilə yerində tanış olacağını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti