Azərbaycan, Bakı, 10 dekabr /Trend/
Əli Ağan: "İnsanları etibarlı rabitə ilə təmin etdiyimizə görə qürur duyuruq!"
2010-cu il dekabrın 3-5-də İstanbulda "Beynəlxalq İqtisadi Əməkdaşlıq Platforması" forumu baş tutub. Toplantıda Türkiyə başda olmaqla Orta Şərq ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, bu münasibətlərin möhkəmlənməsinin yaratdığı yeni imkanlar və s. müzakirə olunub.
Dünyanın 26 ölkəsindən qonaqların qatıldığı bu tədbirdə Türkiyə Prezidenti Abdullah Gül, Misirin birinci xanımı Suzan Mübarək, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və digər ölkələrin yüksək rütbəli məmurları iştirak ediblər.
Konfransda ölkəmizi Azərbaycanın lider mobil operatoru olan "Azercell Telekom" MMC-nin prezidenti Əli Ağan təmsil edib və forumda "Telekommunikasiya və İKT" mövzusunda çıxış edib.
Azərbaycan-Türkiyə arasında mövcud iqtisadi münasibətlər barədə forum iştirakçılarına məlumat verən Əli Ağan bildirib ki, Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin səviyyəsinə görə Türkiyə üçüncü yeri tutur. O, həmçinin ölkələr arasında siyasi, iqtisadi, mədəni, hərbi və digər münasibətlərin də çox dinamik və güclü inkişaf etdiyini vurğulayıb. Əli Ağan onu da qeyd edib ki, Azərbaycan hökuməti yüksək texnologiyaların inkişafını prioritet sahələr sırasına daxil edib. Şirkət rəhbəri Azərbaycan hökumətinin səyləri nəticəsində ölkədə çalışan şirkətlərin qlobal iqtisadi böhranın öhdəsindən daha asanlıqla gəldiyini söyləyib.
Forumdakı çıxışı zamanı Əli Ağan "Azercell"in fəaliyyətindən də söz açıb. Şirkətin fəaliyyət göstərdiyi 14 il ərzində abonentlərinin sayının 4,2 milyon olduğunu bildirən Əli Ağan onları yüksək keyfiyyətli mobil xidmətlə təmin etdiklərini vurğulayaraq qeyd edib. "Hazırda "Azercell" şəbəkəsi əhalimizin 99,8 faizini əhatə edir. "Azercell" yalnız iri şəhərlər deyil, həmçinin ölkəmizin ən kiçik əhalisi olan kəndlərini də əhatə etməyə nail olub. Biz insanları etibarlı rabitə ilə təmin etməkdən və onların yaşadıqları yer və ya səyahət etdikləri ölkələrdən asılı olmayaraq, daim ünsiyyətdə olmalarına şərait yaratmaqdan böyük qürur duyuruq. Eyni zamanda, Azərbaycanın telekommunikasiya bazarında lider şirkət olaraq abonentlərimizin hər zaman qabaqcıl texnologiyalardan istifadə imkanlarını artırmaqda davam edəcəyik", - o deyib.
İqtisadi Əməkdaşlıq Platforması Türkiyə Prezidenti Administrasiyasının himayəsi ilə keçirilib. Növbəti illərdə "Beynəlxalq İqtisadi Əməkdaşlıq Platforması" çərçivəsində ayrıca gənc liderlər forumunun keçiriləcəyi də planlaşdırılır.