Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir H.Vəliyev/
ABŞ İxrac-İdxal Bankının ("US Ex-Im") Direktorlar Şurası Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace"in tikintisi üçün krediti təsdiqləyib. Bu barədə cümə günü Trend-ə layihəyə yaxın mənbə məlumat verib.
"Azerspace"in tikintisi üzrə kredit sazişinin mayın birinci ongünlüyündə imzalanacağı gözlənilir.
Saziş Azərbaycan hökuməti, "US Ex-Im" və Fransanın "BNP Raribas" bankı arasında üçtərəfli qaydada imzalanacaq.
"Azerspace" peykinin tikintisinin dəyəri 120 milyon dollar təşkil edir. Bunun 85 faizi Azərbaycan tərəfinə "US Ex-Im" bankının krediti kimi veriləcək, yerdə qalan 15 faiz isə dövlət büdcəsinin vəsaitləri hesabına ödəniləcək.
Azərbaycana kredit "US Ex-Im" tərəfindən "BNP Paribas"dan götürülən borc vəsaitləri hesabına ayrılacaq. Gözlənildiyinə görə, "US Ex-Im" sövdələşməni vəsaitlərdən iki illik istifadə müddəti və ödəniş dövrü on il olmaqla maliyyələşdəcək.
"Azerspace" peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir, peykin 46 dərəcə şərq uzunluğu yerləşdiriləcəyi orbital mövqeyi isə Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürülüb.Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin planlarına uyğun olaraq, ilk peykin 2012-ci ilin iyununda orbitə çıxarılacağı gözlənilir.