Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycanın mobil rabitə operatoru olan Bakcell şirkəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə dördüncü nəsil (4G) rabitə standartında xidmətlərin göstərilməsi barədə təkliflə müraciət edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə nazir müavini Elmir Vəlizadə bildirib.
Onun sözlərinə görə, 4G standartında xidmətlərin göstərilməsi üzrə lisenziyanın verilməsində heç bir problem yoxdur. Əgər şirkət bu standartda xidmətlərin göstərilməsinə texniki cəhətdən hazır olarsa, onda icazə sənədi təqdim edilə bilər.
Noyabrın əvvəlində Nazirlik Azercell və Baksell-ə 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün lisenziya verib. Bundan əvvəl isə Azerfon şirkəti 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün lisenziya alıb.
Habelə hər üç mobil rabitə operatoruna mobil rabitənin ən yeni nəsli olan 4G-nin (LTE ) tətbiqi üzrə təklif təqdim etmək tövsiyə olunub.