Azərbaycan, Bakı, 13 sentyabr /Trend/
Hər zaman həyata keçirdiyi çoxsaylı təhsil, mədəniyyət və biznes layihələri ilə gəncləri dəstəkləyən Azercell bu dəfə Azərbaycandan olan gənclərin ilk olaraq dünyanın ən qabaqcıl texnologiya mərkəzi olan ABŞ-ın Silikon Vadisinə səfər edib öz layihələrini təqdim etməyə imkan yaradır.
Azercell-in Barama İnnovasiya Mərkəzi və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən keçirilən Elm və Texnologiya Sahibkarlığı Proqramı çərçivəsində 7 Start-up qalibi ıbelə bir şans əldə edib. Bu layihədə finala çıxan gənclər 14-28 sentyabr tarixləri arasında ABŞ-in San Fransisko, Boston və Vaşınqton şəhərlərində biznes təlimlərində və xüsusi olaraq Start-uplar iştirakçıları üçün keçiriləcək konfranslarda iştirak edəcəklər.
Səfər zamanı Azərbaycanlı gənclər San Fransiskoda keçiriləcək "Global 1000 Meet" konfransına da qatılacaqlar.
Məlumat üçün bildirək ki, bu konfransın əsas məqsədi dünyanın dörd bir tərəfindən gəlmiş Start-up iştirakçıları ilə məşhur şirkətlər, investorlar, vençur fondlar arasında əlaqələrin yaradılması və bunun nəticəsində layihənin inkişafı üçün maliyyə yatırımlarınınəldə olunmasıdır.
Qeyd edək ki, səfər öncəsi hər bir startup qalibi üçün Barama İnnovasiya Mərkəzinin xarici mentorları tərəfindən onlayn təlimlər keçirilib.
Bu ilin dekabrında baş tutacaq yekun mərhələdə seçilmiş komandalar artıq öz təkmil biznes ideyalarını beynəlxalq hakimlərə təqdim edəcək. Qaliblərə 1 ədəd 10 min ABŞ dolları, 1 ədəd 7 500 ABŞ dolları və 1 ədəd 5 min ABŞ dolları dəyərində qrant təqdim olunması nəzərdə tutulur.
Azercell Telekom gənclərə öz ideyalarını reallaşdırmaq üçün daim imkanlar yaradır. Azercell-in nəzdində fəaliyyət göstərən Barama İnnovasiya Mərkəzinin əsas məqsədi İKT ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onların həyata keçirilməsini təmin etməkdir. Fəaliyyətə başladığı 2009-cu ildən etibarən 3000-dən artıq gənc Barama İnnovasiya Mərkəzinin müxtəlif layihələrində iştirak etmişdir.