Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanın "Dilmanc" proqram təminatı istehsalçısı Azərbaycan, ingilis və rus dillərindən türk dilinə və əksinə mexaniki tərcümə sistemini təqdim edib. Bu barədə Trend "Dilmanc"a istinadən məlumat verir.
"Dilmanc" layihəsindən verilən məlumata görə, azərbaycanlı mütəxəssislər tərəfindən yaradılan və inkişaf etdirilən "Dilmanc" (Dilmanc.az) tərcümə saytı və mobil qurğular üçün şifahi danışığı tərcümə edən "Dilmanc" mobil tərcüməçi türkiyəli istifadəçilər arasında da populyarlıq qazanmışdı. Bunu nəzərə alaraq türk dilinin də sistemə əlavə olunması qərara alındı.
Layihə çərçivəsində yaradılmış dil texnologiyaları digər türk dillərinə tətbiq oluna bilməklə yanaşı, türk dilləri arasında da yüksək keyfiyyətli tərcümə sistemlərinin yaradılmasına imkan verir. Buna nümunə olaraq, türk və Azərbaycan dilləri arasında tərcümə imkanı sistemə əlavə edilib.
Eyni zamanda, mobil telefonlarda şifahi nitqi tərcümə edən "Dilmanc Translator" proqramı da yenilənib. Bu proqramı pulsuz olaraq Google Play Store-dan yükləyib işlətmək mümkündür. Proqramın iOS platforması üçün versiyasının yaradılması üzərində işlər gedir.