...

Ramin Quluzadə: Azərbaycan kosmik texnologiyaların inkişafı üzrə regionda liderlik edir

Telekommunikasiya Materials 2 Dekabr 2015 12:20 (UTC +04:00)
Azərbaycan kosmik texnologiyaların inkişafı üzrə region ölkələri arasında lider ölkəyə çevrilib.
Ramin Quluzadə: Azərbaycan kosmik texnologiyaların inkişafı üzrə regionda liderlik edir

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan kosmik texnologiyaların inkişafı üzrə region ölkələri arasında lider ölkəyə çevrilib. Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini və nazirin səlahiyyətlərini icra edən Ramin Quluzadə "Bakutel-2015" sərgisinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı dinamik inklişaf edir və buna görə də İKT sektorunun üzərinə böyük məsuliyyət qoyulub.

R.Quluzadə qeyd edib ki, artıq ənənəvi olaraq təşkil edilən "Bakutel" sərgi və konfransı telekommunikasiya və informasiya texnologiyaları sahəsində mühüm beynəlxalq tədbirə çevrilib: "Ötən 21 il ərzində "Bakutel" sərgisi informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübə mübadiləsi, yeni imkanların nümayişi, geniş əməkdaşlıq layihəsi kimi özünü təsdiq edib. 1994-cü ildən ənənəvi təşkil olunan beynəlxalq "Bakutel" sərgisinin müxtəlif ölkələrdən olan iştirakçıları ötən illər ərzində eyni zamanda müstəqil Azərbaycanın güclənən iqtisadi imkanları, elmi-texnoloji nailiyyətlərinin ilbəil canlı şahidi olmuşlar. İqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasında olan Azərbaycanda informasiya və yüksək texnologiyaları sektorunun qarşısında böyük vəzifələr qoyulub. Bu sahə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən prioritet inkişaf sahələrindən elan edilib".

R.Quluzadə bildirib ki, son illərdə əldə olunan nailiyyətlər, İKT-nin inkişafı baxımından Azərbaycan artıq regionun lider dövləti kimi tanınır: "Müstəqil, gənc dövlət olan Azərbaycanda hərtərəfli islahatlar həyata keçirilir. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatın ayrı-ayrı sahələrindəki gücünü insan kapitalına da çevirməyə nail olub. Bu gün beynəlxalq kosmik məkana inteqrasiya yolunu tutan Azərbaycan regionda kosmik sahədə lider ölkəyə çevrilib. Əminəm ki, bu ilki Bakutel sərgi konfransı yüksək səviyyədə keçiriləcək, regionda iKT inkişafına yeni təkan verəcəkdir. Bir daha Sizi beynəlxalq sərginin açılışı münasibətilə ürəkdən təbrik edir, uğurlar arzulayıram. Sərginin təşkilatçılarına və tərəfdaşlarına minnətdarlığımı bildirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti