Bakı. Trend:
"Nar" korporativ sosial məsuliyyət strategiyası çərçivəsində "Rabitə" idman klubu ilə birgə yeni sosial layihənin başlanğıcını elan etdi. Şirkətdən Trend-ə verilən məlumata görə, idman və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsinə yönəlmiş layihə çərçivəsində kimsəsiz və aztəminatlı ailələrdən olan 15 azyaşlı üçün "Rabitə" idman klubunda pulsuz peşəkar boks məşqlərinə start verildi.
Aralarında Olimpiya oyunları, dünya və Avropa çempionatları, eləcə də Azərbaycan birinciliklərində yüksək nəticələr göstərərək, müxtəlif uğurlara imza atmış idmançıların keçirdikləri məşqlər azyaşlıların böyük sevincinə səbəb oldu. Layihə çərçivəsində uşaqlar üçün peşəkar idmançıya lazım olan hər cür idman ləvazimatları və onların məşq zalına gəlmələri üçün nəqliyyat təşkil edildi.
Qeyd edək ki, sosial layihə "Rabitə" idman klubunun "Nar" mobil operatoru tərəfindən sponsorluğu çərçivəsində həyata keçirilir. "Rabitə" idman klubu 30-dan çox peşəkar boksçunu öz ətrafında birləşdirir. Klubun yetirmələri 5 illik dövr ərzində müxtəlif beynəlxalq turnirlərdə yüzlərlə medal qazanaraq yüksək nəticələr göstərmişlər.