...

Bakıda kiber təhlükələrə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Telekommunikasiya Materials 7 Noyabr 2017 14:01 (UTC +04:00)
Bakıda islam konfransı Təşkilatına üzv ölkələr üzrə Kompüter insidentlərinə qarşı Mübarizə Mərkəzlərinin "Uncovering Future Threats" adlı 9-cu beynəlxalq illik konfransın açılışı olub.
Bakıda kiber təhlükələrə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Bakı. Trend:

Bu gün Bakıda islam konfransı Təşkilatına üzv ölkələr üzrə Kompüter insidentlərinə qarşı Mübarizə Mərkəzlərinin "Uncovering Future Threats" adlı 9-cu beynəlxalq illik konfransın açılışı olub.

Trend-in məlumatına görə, 4 gün keçirilməsi nəzərdə tutulan tədbirdə yeni nəsil kiber təhdidlər, gizli kiber indekatorların işlənilməsi, əşyaların interneti, onların insan həyatına gətirdiyi yeniliklər və yaratdıqları risklər, kiber cinayətkarlıqda yeni trendlər, informasiya itkisinə səbəb olan boşluqlar və sair kimi mövzuların müzakirəsi aparılacaq. Konfrans mütəmadi olaraq hər il islam konfransı Təşkilatına üzv olan ölkələrdən birində keçirilir.

Müzakirələrlə yanaşı, konfransın proqramında praktiki təlimlər üçün də vaxt ayrılıb. Praktiki təlim proqramında kiber simulyasiyalar vasitəsi ilə təhdidlərin analizi və qorunma yollarının nümayişi planlaşdırılır.

Tədbirin təşkilatçısı Xüsusi Dövlət Mühafizə Xidməti, yerli sponsorları Delta Telecom LTD və Azinfosec, xarici sponsorları isə May Cyer Tecnology, THALES və Videntifier şirkətləridir. Tədbirə akademik dəstək ADA universiteti tərəfindən həyata keçirilir.

Konfransda islam konfransı Təşkilatına üzv olan 21, üzv olmayan 11 ölkədən 97 nəfər, Azərbaycandan isə 140 nəfər iştirak üçün qeydiyyatdan keçib.

Tədbiri Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi general-leytenant Mürsəl Vəliyev açaraq, tədbirin mühüm əhəmiyyəti, qloballaşan dünyada kiber hücumların kritik infrastrukturların fəaliyyəti üçün yaratdığı riskləri və ölkə prezidentinin bu sahəyə olan böyük diqqət və qayğısını xüsusi olaraq qeyd edib, həmçinin informasiya təhlükəsizliyinin ən prioritet məsələlərindən biri olduğunu bildirib. O, heç bir sərhəd tanımayan kiber təhdidlərə qarşı mübarizədə ölkələrin fərdi fəaliyyətinin effektivlik baxımından yetərsiz olduğunu vurğulayaraq, dünya CERT mərkəzlərinin beynəlxalq səviyyədə əməkdaşlığını, o cümlədən islam ölkələri CERT-lərinin birgə fəaliyyətini çox yüksək qiymətləndirib.

Agentliyin rəisi həmçinin, qarşılıqlı əməkdaşlıq çərçivəsində səyləri birləşdirmək və bu sahədə təcrübə mübadiləsi aparmaqla qlobal və regional kiber təhdidlərlə mübarizədə daha böyük uğurlar əldə etməyin mümkün olduğunu qeyd edib.

Sonra tədbirin Bakı şəhərində keçirilməsi təşəbbüsünün irəli sürülməsinə görə, OİC-CERT idarə heyətinə təşəkkürünü bildirən M.Vəliyev Beynəlxalq CERT təşkilatlarının illik konfranslarının hər il fərqli ölkələrdə keçirilməsinin həmin regionlarda müvafiq sahələrin inkişafına və informasiya təhlükəsizliyi məsələlərinə diqqətin daha da çox ayrılmasına öz töhfəsini verəcəyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti