Bakı. Sədrəddin Ağcayev - Trend:
Koronavirus pandemiyasının ən çox ziyan vurduğu sahələr sırasına təhsil sektorunu əlavə etmək olar.
Bunu Trend-ə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İKT mərkəzinin direktoru Sərxan Talıbzadə deyib.
Onun sözlərinə görə, tədris prosesinin davam etməsi üçün, bütün tədris müəssisələri tez bir zamanda onlayn rejimə keçməli idi:
“Ən əsas məsələ ondan ibarət idi ki, tədris prosesi müxtəlif yaş kateqoriyası və sosial qrupdan çoxlu sayda insanı əhatə edir və bu onların İT-dən istifadəyə uyğunlaşması prosesini çətinləşdirirdi. Tələbə və müəllimlərin tədris texnologiyalarından istifadə üzrə kifayət qədər vərdişləri yox idi, bəzi tədris müəssisələrində informasiya infrastrukturu çatışmırdı və ümumilikdə internet provayderləri trafikin kəskin artımına hazır deyildi”.
O bildirib ki, təhsil sistemində bütün rabitə kanallarının istifadəsi ilə onlayn tədrisə keçid yekunda uğurlu alındı və artıq yüz minlərlə şagird və tələbə onlayn tədrisin imkanlarından istifadə edir:
“Qeyd etmək lazımdır ki, yaranmış fors major vəziyyəti bütün təhsil sisteminin yanaşmasını və tədris fəlsəfəsini müsbət şəkildə dəyişdi. Belə ki, müəllimlərdə, tələbələrdə, şagirdlərdə və hətta valideynlərdə informasiya texnologiyalarından istifadə vərdişləri təkmilləşdi”.
S.Talıbzadə əlavə edib ki, distant təhsil mədəniyyətinin artması azərbaycanlı tələbələrin dünyanın nüfuzlu universitetlərində açıq onlayn kurslarda iştirak etməsinə, eləcə də bu cür yanaşmanın ölkəmizdə tətbiq olunmasına təkan verəcək.