Bakı. Trend:
TEKNOFEST Beynəlxalq aviasiya, kosmos və texnologiya festivalı çərçivəsində Azərbaycanda səkkiz kateqoriya üzrə yarışlar keçiriləcək.
Bunu Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin baş müşaviri, “TEKNOFEST Azərbaycan” Təşkilat Komitəsinin üzvü Rüstəm Abdullazadə deyib.
Onun sözlərinə görə, bu yarışlarda məktəblilər, tələbələr, startap müəllifləri və sahibkarlar iştirak edə bilər.
“TEKNOFEST üçün qeydiyyat 2021-ci il dekabrın 15-də başlayıb və 2022-ci il fevralın 20-dək davam edib. Amma festivala böyük marağın və çoxsaylı müraciətlərin olması nəzərə alınaraq qeydiyyat prosesi aprelin sonunadək uzadılıb. Hazırda “Smart Qarabağ Hackaton” və “Baku Open Cyber Cup” müsabiqələrinə qeydiyyat davam edir. TEKNOFEST Beynəlxalq aviasiya, kosmos və texnologiya festivalı üçün qeydiyyata alınmış iştirakçı sayının çoxluğu ölkəmizin gəncləri arasında texnologiya və innovasiya sahəsinə artan maraqla izah olunur. Eyni zamanda, bu cür tədbirlərin keçirilməsi Azərbaycanın texnologiya və innovasiyalar sahəsində ixrac potensialının artmasına xidmət edəcək”, - R.Abdullazadə deyib.
O xatırladıb ki, sosialyönümlü texnologiyalar, “Agro Tech”, pilotsuz uçuş aparatları və “yaşıl” texnologiyalar üzrə müsabiqələrə işlərin qəbulunun birinci mərhələsi başa çatıb.
“Bu yarışlar üzrə komandalar ilk tapşırıqları yerinə yetirib və hazırda onlar festivalda iştirak üçün zəruri avadanlıq və vasitələrlə təmin olunur”, - deyə o bildirib.
R.Abdullazadə əlavə edib ki, “Baku Skills” müsabiqəsinin əlamətdar cəhəti iştirakçıların hər mərhələdə öz işlərini 3D printerlərdə münsiflərin tapşırığı əsasında icra etmələri olacaq.
“TEKNOFEST Beynəlxalq aviasiya, kosmos və texnologiya festivalının bütün iştirakçıları, eləcə də mentorlar pul mükafatları və qiymətli hədiyyələrlə təltif olunacaqlar”, - o bildirib.
Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.
Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.az və Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.