...

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək “Take Off Baku” beynəlxalq startap sammitinin iştirakçıları bəlli oldu

Telekommunikasiya Materials 19 Aprel 2022 17:34 (UTC +04:00)
“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək “Take Off Baku” beynəlxalq startap sammitinin iştirakçıları bəlli oldu

Bakı. Trend:

Azərbaycan da daxil olmaqla 8 ölkədən 50 startap “Take Off Baku”da iştirak hüququ qazanıb.

Məlumat üçün bildiririk ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində “Take Off Baku” beynəlxalq startap sammitinin iştirakçıları təsdiqlənib.

Münsiflər heyəti müsabiqənin şərtlərinə əsasən MVP (alıcılar tərəfindən alınan və alıcı rəylərinə əsasən təkmilləşdirilə bilən məhsul) və hazır məhsula malik, o cümlədən satış həyata keçirən komandalar arasından ən güclü 50 startapı müəyyən edib.

Qeyd edək ki, ümumilikdə 32 ölkədən 287 startap beynəlxalq tədbirdə iştirak üçün qeydiyyatdan keçib, onlardan 101-i Azərbaycan təmsilçisidir.

İştirakçı startaplar təhsil sahəsində 9, “Fintech” üzrə 5, səhiyyə üzrə 2, “Ağıllı şəhər” üzrə 7, nəqliyyat və logistika üzrə 2, infrastruktur və təhlükəsizlik üzrə 2, əyləncə üzrə 3, sosial sahə üzrə 8, “Media&Ads” üzrə 1 və digər sahələr üzrə 11 təkliflə beynəlxalq tədbirdə investorlar qarşısında təqdimatla çıxış edəcəklər.

Təqdim edilmiş layihələrin ümumi məhsulunun 80 faizi proqram, 20 faizi isə aparat təminatına aiddir.

İştirakçı statusu əldə etmiş 50 startapa tədbirin rəsmi açılış mərasiminə kimi beynəlxalq mentorlar tərəfindən “Marketdə düzgün seqmentin seçilməsi”, “Müştəri yönümlü həllər”, “Pitçinq”, “İnnovativlik və Səmərəlilik” və “Startap komandasının funksional səriştəliliyi” mövzusunda 11 master klass təşkil olunacaq.

Qeyd edək ki, sammitdə startaplara təqdimatla çıxış etmək, B2B formatda görüşlər keçirmək, investorlarla görüşmək, sərgi və panel müzakirələrdə iştirak etmək imkanları yaradılacaq.

Yeni innovativ layihə və həll yolları təklif edən startapların mükafatlandırılması mərasimi 28 may tarixində baş tutacaq.

Əlavə məlumat əldə etmək üçün:

+994 050 251 40 28

[email protected]

teknofest.az

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti