...

Qazaxıstan Xəzərin dibi ilə fiber-optik xətt çəkilişi layihəsinə planlaşdırılan investisiyaların həcmini açıqlayıb

Telekommunikasiya Materials 18 İyun 2024 16:08 (UTC +04:00)
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstan və Azərbaycan operatorlarının Xəzərin dibi ilə fiber-optik xətt çəkilişi layihəsinə investisiyaları 23 mlrd. tenge (təqribən 50,8 mln. dollar) olacaq.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın rəqəmsal inkişaf naziri Jaslan Madiyev hökumət iclasında deyib.

"Milli Layihə çərçivəsində Rəqəmsal İpək Yolunun inkişafı üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunlara Xəzər dənizinin dibi ilə 370 km uzunluqda optik xəttin çəkilməsi daxildir. Qazaxıstan və Azərbaycanın rabitə operatorlarının investisiyaları 23 mlrd. tengedən çox olacaq. Bu gün "Qazaxtelekom" SC və "Azertelecom" MMC arasında birgə müəssisə yaradılıb, sualtı fiber-optik rabitə xəttinin layihələndirilməsi və çəkilməsi üzrə podratçının seçilməsi üçün elan edilmiş tender başa çatmaq üzrədir", - Madiyev deyib.

Həmçinin, onun sözlərinə görə, Qazaxıstan ərazisindən tranzit daşımaların artırılmasını nəzərdə tutan Qərb-Şərq milli hipermagistralının tikintisi planlaşdırılır. Eyni zamanda, tranzit və beynəlxalq trafikin saxlanması üçün ən azı 3-cü dərəcəli məlumatların emalı mərkəzi inşa olunacaq.

"Bu iki tədbir üçün "Freedom Telecom" MMY-dən təklif daxil olub. Hipermagistraldakı şəxsi investisiyalar müddət 2025-ci ilin sonuna qədər olmaqla 17 milyard tengedən (təxminən 37,5 milyon dollar), məlumat emalı mərkəzinin tikintisinə isə müddət 2027-ci ilin sonuna qədər olmaqla 90 milyard tengedən (təqribən 199 milyon dollar) çox olacaq. Bütün bu tədbirlərin həyata keçirilməsi beynəlxalq məlumat tranziti üçün alternativ marşrut və BigTech şirkətlərinin (Google, Amazon, Microsoft) bazara cəlb olunmasını təmin edəcək", - nazir deyib.

Xatırladaq ki, Astanada keçirilən beynəlxalq forum çərçivəsində 2022-ci ilin sentyabrında Azərbaycanın və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri olan “Azertelecom” və “Qazaxtelecom” arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq memorandumu imzalanıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti