...

Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı İşçi qruplar səviyyəsində görüş Moskvada keçiriləcək

Telekommunikasiya Materials 5 İyun 2007 13:50 (UTC +04:00)
Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı İşçi qruplar səviyyəsində görüş Moskvada keçiriləcək

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımının təmini üçün İşçi qruplar səviyyəsində görüş iyunun 8-də Moskvada keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib. Onun sözlərinə görə, görüşdə Azərbaycan və Rusiya telekanallarının yayımı ilə bağlı hər iki tərəfin hazırladığı təkliflər zərfi müzakirə olunacaq.

Məhərrəmli bildirib ki, təkliflərin təhlil olunub yenidən müzakirə edilməsi üçün İşçi qrupların növbəti görüşü Bakıda keçiriləcək.

Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı məsələnin həll olunması üçün İşçi Qrup yaradılıb. İşçi Qrupun tərkibinə Xarici İşlər, Ədliyyə, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin nümayəndələri, Milli Televiziya və Radio Şurası və AzTV təmsilçiləri daxildir.

Təkliflər zərfində Azərbaycan televiziyasının Rusiya ərazisinin 72%-də yayımının vacibliyi qeyd olunub. Telekanalın Rusiyada azərbaycanlıların kompakt yaşadığı ərazilərdə yayımı məqsədəuyğun hesab edilib. İşçi Qrup Azərbaycan tərəfindən telekanal kimi AzTV-nı seçib.

MTRŞ-nin yanvarın əvvəlində çıxardığı qərara əsasən, iyulun 10-da Rusiya telekanallarının Azərbaycanda yayımı dayandırılacaq. Rusiya tərəfi isə bu qərarın əleyhinədir. Bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu günlərdə Azərbaycana rəsmi səfəri zamanı da müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti