Azərbaycan, Bakı, 6 fevral / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycanda jurnalistlərə uşaq hüquqları ilə bağlı təlim keçiriləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq şöbəsinin müdiri Sənubər Əlizadə bazar ertəsi Trend-ə bildirib ki, YUNİSEF ilə birgə keçiriləcək təlimlərdə 100-dən artıq jurnalistin iştirakı nəzərdə tutulub.
Əlizadə uşaq problemlərinin mətbuatda və televiziyalarda kifayət qədər işıqlandırıldığını vurğulayıb və cəmiyyətin diqqətinin bu problemlərə yönəldilməsində mətbuatın rolunu təqdirəlayiq hesab edib.
Şöbə müdirinin sözlərinə görə, müəyyən hallarda bu sahədə mətbuatda yazılan yazılarda, televiziyalarda hazırlanan verilişlərdə uşaq problemləri yanlış formada, uşaq hüquqlarına zidd şəkildə təqdim olunur.
"Bu materiallar uşaq hüquqlarının çərçivəsini aşır. Biz bu hallarla bağlı KİV-lərə öz iradlarımızı bildirsək də, pozuntular aradan qalxmır. Ona görə də qərara gəldik ki, bu mövzuda jurnalistlər üçün təlim keçirək", - o deyib.
Şöbə müdiri deyib ki, təlim üçün YUNİSEF tərəfindən maliyyə ayrılıb, təlimləri aparacaq beynəlxalq ekspertlər müəyyən edilib.
Mərhələli şəkildə təşkil ediləcək təlimlərdə regionları təmsil edən jurnalistlər də iştirak edəcək.
Təlimlərin fevral ayında başlaması nəzərdə tutulub.