...

Transxəzər üzrə danışıqların aparılması üçün Aİ mandatı "Cənub dəhlizi" yolunda mühüm hadisədir - Ariel Koen

Nəzər nöqtəsi Materials 14 Sentyabr 2011 17:32 (UTC +04:00)
Son günlərdə Xəzər qazının Avropaya nəql olunacağı "Cənub dəhlizi" layihəsinin həyata keçirilməsini yaxınlaşdıran eyni vaxtda iki hadisə baş verib.
Transxəzər üzrə danışıqların aparılması üçün Aİ mandatı "Cənub dəhlizi" yolunda mühüm hadisədir - Ariel Koen

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Trend-in Ekspert Şurasının üzvü, Rusiya, Avrasiya problemləri və beynəlxalq energetika siyasəti üzrə "İrs" Fondunun aparıcı eksperti Ariel Koen "Amerikanın Səsi" bloqunda yazır ki, son günlərdə Xəzər qazının Avropaya nəql olunacağı "Cənub dəhlizi" layihəsinin həyata keçirilməsini yaxınlaşdıran eyni vaxtda iki hadisə baş verib.

"Xəzər dənizinin Azərbaycan hissəsindəki "Abşeron" blokunda iri təbii qaz yatağının kəşf edilməsinin elanı regionun əsas iqtisadi və siyasi yeniliklərindən biri oldu. Aİ-nin sentyabrın 12-də Aİ, Azərbaycan və Türkmənistanla Transxəzər boru kəmərinin tikintisi barədə saziş üzrə dair danışıqlar aparmaq üçün verdiyi mandat da bundan az əhəmiyyətli hadisə deyildi", - Koen yazır.

Onun fikrincə, Türkmənistandan Azərbaycan ərazisi ilə qazın nəql olunması üçün Transxəzər boru kəməri "Cənub dəhlizi" üzrə karbohidrogenlərin Avropaya daşınması üçün ən rahat yoldur.

"Ancaq dənizin dibi ilə borunun çəkilməsinə Xəzərin statusunun nizamlanmaması, eləcə də bu dənizin dibi ilə boru kəmərinin çəkilməsinə kəskin şəkildə etiraz edən Moskva və Tehranın mövqeləri də mane olur. Bu baxımdan, Aİ-nin yeni mandatının bu problemi həll etməsi sual altındadır", - Koen vurğulayır.

"Doğrudur, hətta Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsinin gecikməsi halında "Cənub dəhlizi" layihələrinin inkişafındakı mühüm rolu Azərbaycan qaz ehtiyatlarının artması faktı da oynaya bilər ki, bu da ölkənin Avropaya təbii enerji mənbələrinin baş ixracçısı statusunu möhkəmləndirir", - o hesab edir.

Xəzərdə yeni iri qaz yatağının kəşf olunduğunu cümə günü Avropanın üçüncü ən böyük neft şirkəti olan Fransanın "Total" şirkəti elan edib. Xəzərin Azərbaycan hissəsində "Abşeron" yatağının kəşf olunması Avropa enerji təhlükəsizliyinin təmini baxımından əhəmiyyətlidir. Yeni yatağın potensial ehtiyatları, geoloji kəşfiyyatın nəticələrinə əsasən, 350 milyard kubmetr qaza və 45 milyon ton kondensata bərabərdir. Bu isə o deməkdir ki, ARDNŞ-nin məlumatlarına görə, ölkədəki sübur olunmuş qaz ehtiyatları 2,55 trilyon kubmetrədək artıb.

Layihənin iştirakçıları: ARDNŞ - 40%, Total - 40% və Gaz de France Suez - 20%.

Koenin fikrincə, iri qaz ehtiyatlarının məhz Azərbaycanda kəşfi "Cənub dəhlizi" layihəsinin həyata keçirilməsinin başlanğıcını daha bir addım yaxınlaşdıraraq həm ölkənin özünün, həm də Cənubi Qafqaz regionu və Avropanın xeyrinədir. "Bu hadisənin uzunmüddətli geosiyasi nəticələri olacaq", - ekspert hesab edir.

"Bu gün öz enerji təhlükəsizliyinin təmini uğrunda Avropa qaz nəqlinin maksimal şaxələndirilməsinə nail olmağa çalışır ki, yalnız bir tədarükçüdən asılı olmasın. "Abşeron" blokunda iri qaz ehtiyatlarının kəşfi Avropanın Rusiya qazından asılılığı və nəticədə Kremlin geosiyasi "qaz kartı"ndan istifadə etmə imkanını azaldır", - Koen yazır.

Ekspertin fikrincə, "Total"ın kəşfi təbii qazın Avropa bazarlarına ixracı üçün "Nabukko" və "Cənub dəhlizi" layihələrinə daxil olan digər boru kəmərləri layihələrinin inkişaf müddətini əhəmiyyətli dərəcədə tezləşdirə bilər.

"Bu, Fukusimada baş vermiş faciədən və yaxın keçmişdə Fransanın nüvə obyektində baş vermiş partlayışdan sonra xüsusilə mühümdür. Bu hadisələrin hər ikisi Avropada nüvə energetikasının gələcəyini sual altında qoyur. Almaniya artıq özünün atom elektrik stansiyalarının bağlanması üçün strateji qərar qəbul edib. Hadisələrin belə inkişafı qaza, o cümlədən Rusiya və Xəzər qazına olan tələbatı artırır", - Koen yazır.

Koenin fikrincə, ABŞ Avropa bazarlarına alternativ qaz tədarükçülərini hər cür dəstəkləməlidir, çünki ixracatçı ölkələr və istehlakçılar üçün aydın iqtisadi mənfəətlərlə yanaşı, bu, qaz bazarının hazırkı liderləri - Rusiya və İranın geosiyasi təsirlərini balanslaşdırmağa imkan verir.

Xəbər lenti

Xəbər lenti