Rufiz Hafizoğlu, Trend -in Ərəb xəbərlər xidmətinin rəhbəri
Fransa Senatının söz və ifadə azadlığına zidd olan "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul etməsi Fransa Prezidenti Nikola Sarkozinin düşüncəsində "söz və ifadə azadlığı" kimi təqdim edilsə də, əslində qanunun sadəcə dünya türklərinə yönəlmiş bir addım olduğu bəlli idi.
Bir çox qərb və erməni mətbuatında da qanun layihəsinin qəbul edilməsini "demokratiyanın və söz azadlığının" zəfəri kimi dəyərləndirsələr də, qanun ölkə konstitusiyasına zidd olmaqla yanaşı, konstitusiyaya əsasən respublikanın devizi hesab edilən "azadlıq, bərabərlik, qardaşlıq" prinsipini ayaqlar altına atmış və bu deviz bir qrup millət vəkilinin maraqlarına qurban edilmişdi.
Ümumiyyətlə, qanun layihəsinin səsə qoyulması zamanı da ölkə konstitusiyasına zidd addımlar atıldı. Belə ki erməni lobbisinin və Ermənistanın maraqlarına alət edilən ölkə parlamentində qanun layihəsinin səsverməsi zamanı qanunu dəstəkləyən millət vəkilləri iştirak etdi.
Fransa Konstitusiyasına əsasən, parlamentin hər hansı bir üzvünə vəzifəsini yerinə yetirdiyinə, səs verdiyinə görə siyasi təzyiq edilməsi, onun cinayət məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Buna baxmayaraq, qanun layihəsinin əleyhinə olan millət vəkillərinə səsvermədə iştirak etməmək "tövsiyə" olunmuşdu.
Prezident Sarkozinin və dünyadakı erməni lobbisinin bütün səylərinə baxmayaraq, Fransa Konstitusiya Şurası çərşənbə axşamı qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu ləğv etdi.
Təbii ki, qanun layihəsinin ləğv edilməsi üçün Azərbaycan və Türkiyə birgə addımlar da atdılar.
Qanunun ləğv edilməsi Fransada söz və ifadə azadlığının uğuru olmaqla yanaşı, eyni zamanda Azərbaycan və Türkiyənin apardığı birgə siyasətin də zəfəridir.
Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı bildirdi ki, Fransa Konstitusiya Şurasının bu ədalətli qərarını alqışlayır, bunu söz və fikir azadlığının təzahürü kimi dəyərləndirir.
Eyni zamanda, dövlət başçısı Fransa Senatının bir qrup üzvünün qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun ləğv edilməsi ilə bağlı Fransa Konstitusiya Şurasına və Fransa ictimaiyyətinə ünvanladığı müraciəti yüksək qiymətləndirdi və Fransada bu qəti mövqedə duran bütün insanlara minnətdarlığını bildirdi.
Türkiyə Prezidenti Abdulla Gül isə Fransanın böyük bir rəzalətdən qurtardığını dedi.
Türkiyə Prezidenti onu da qeyd etdi ki, bu məsələdən seçki kampaniyası üçün istifadə etmək ayıbdır. Konstitusiya Şurası bu biabırçılığın qarşısını aldı.
Martın 1-də isə bildirildi ki, Fransa Prezidenti Nikola Sarkozinin işlənib hazırlanmasını tapşırdığı "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan yeni qanun layihəsi iyun ayına təyin edilmiş prezident seçkilərinədək Senatda müzakirə olunmayacaq.