...

Fuad Muradov: Heydər Əliyev prinsipləri Azərbaycanın gələcək inkişaf strategiyasının əsasını təşkil edir

Nəzər nöqtəsi Materials 19 İyun 2017 15:59 (UTC +04:00)
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı.
Fuad Muradov: Heydər Əliyev prinsipləri Azərbaycanın gələcək inkişaf strategiyasının əsasını təşkil edir

Bakı. Samir Əli - Trend:

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili böhran yarandı.

Trend-in məlumatına görə, bunu bu gün Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbirdə millət vəkili Fuad Muradov deyib.

O, qeyd edib ki, həmin vaxt ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi: "Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi.

1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltməmiş, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüşdü. Qiyamçı hərbi hissənin rəhbərliyi Baş nazir və Milli Məclis Sədrinin, sonra isə Prezidentin istefasını tələb etmişdi".

Vətənin belə ağır günündə xalqın Naxçıvandan Heydər Əliyevi Bakıya dəvət etdiyini deyən millət vəkili bildirdi ki, Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı: "Bir neçə gün sonra - iyun ayının 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq verdi. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrilmişdi.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmışdı.

Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdı. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.

O, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb".

F. Muradov deyib ki, Ulu öndərin Ali Sovetin Sədri seçilməsi Azərbaycanda eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etmişdir. Heydər Əliyev parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başlamış, yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda xoşagəlməz siyasi çəkişmələrin, qeyri-etik davranışların qarşısını almışdır.

Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etmişlər və Milli Məclis bu təklifi bəyənmişdir: "O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir.

Beləliklə də, 1997-ci ilin 15 iyun tarixindən bayram edilən, 1998-ci ildən isə dövlət bayramı statusu alaraq hər il rəsmi bayram kimi qeyd edilən 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi düşmüşdür.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri kimi qeyd etməliyəm ki, bu gün ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı da öz mənbəyini məhz həmin Qurtuluş günündən götürür. Diqqət yetirsək Azərbaycan gəncliyinin inkişaf – təşkilatlanma prosesini 2 mərhələyə ayırmaq olar. Müstəqiilik dövrünə qədər və müstəqillik dövrü. Müstəqillik dövrünə qədər olan mərhələdə gənclər sovet ideologiyasının daşıyıcıları kimi ümumi prinsiplər əsasına təşkilatlanan bir sosial təbəqə olaraq inkişafa və dəyişikliyə meylli deyildi. Azərbaycanda Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması gəncləri yenidən təşkilatlanmağa, təəssübkeş dövlətçi və millətçi olmağa sövq etdi. Lakin müstəqillik dövründə gənclər sferasının inkişafının iki mərhələsini fərqləndirmək lazımdır - Pərakəndəlik və təkmilləşmə mərhələləri. Müstəqilliyin ilk illərində Azərbaycan gənci pərakəndə və kütlə Şüuru ilə hərəkət edir, məqamdan istifadə etməyə çalışan – fürsətçi siyasi qruplaşmaların – səriştəsiz AXC- Müsavat cütlüyünün alətinə çevrilirdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı gənclər və idman sahəsinin yeni şərəfli səhifəsinin açılmasına səbəb oldu. Gənclik Müstəqillik, Dövlətçilik, Vətənpərvərlik xüsusiyyətlərini daha dərindən yiyələndi, müstəqilliyimizin möhkəmlənməsi naminə iradə nümayiş etdirdi və yenidən mükəmməl şəkildə təşkilatlanmağa başladı və bunu bacardı.

Sözsüz ki, ictimai-siyasi proseslər inkişaf etdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başlayır. Bunu böyük uzaqgörənliklə hiss edən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin daha səmərəli idarə edilməsi, gənclərin daha mütəşəkkil təşkilatlanması üçün 1994-cü ilin 26 iyulunda Gənclər və idman Nazirliyini yaratdı. Gənclər və idman nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində əhəmiyyətli işlər həyata keçirilməyə başladı, gənc nəslin intellektual və fiziki inkişafı, onların beynəlxalq platformalarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində mühüm tədbirlər görüldü, xüsusi dövlət proqramları hazırlandı.

Bunun ardınca növbəti tarixi addım olan , 1996-cı ilin 26 yanvarında Ulu öndər tərəfindən imzalanan sərəncama əsasən, 2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət və qayğının əsas istiqamətləri müəyyənləşdirildi, dövlət orqanları qarşısında mühüm vəzifələr qoyuldu. Daha sonra 1997-ci il fevralın 1-də Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan sərəncam nəticəsində MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq 2 fevral Azərbaycanda gənclər günü elan edildi".

Millət vəkili bildirib ki, İlham Əliyevin 1998-ci ildə Milli Olimpiya Komitəsinin sədri təyin olunması ilə Azərbaycanın idman həyatında yeni səhifə açılıb: "Bunun nəticəsi olaraq gənclər arasında idmana maraq daha da artdı, ölkəmizdə Olimpiya hərəkatı geniş vüsət aldı. Ulu öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev gənclər siyasətini də uğurla davam etdirərək 2006-cı ildə imzaladığı , Gənclər və İdman Nazirliyinin yenidən təşkil edilməsi haqqında fərman da mühüm hadisə oldu. Dövlətin gənclərlə bağlı siyasətinin uğurla həyata keçirilməsində bu tarixi addımın cox böyük rolu var.

Bu gün məhz əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin o düzgün siyasətin nəticəsidir ki, Azərbaycanın bütün sahələrində inkişaf edir. Gənclər və idman sahəsi də uğurla inkişaf edən sahələrdəndir. Hazırda ölkə əhalisinin 65 faizini gənclər təşkil edir. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında aktiv iştirakla paralel, beynəlxalq miqyasda da uğurları sıralayırlar. Bu siyasət yeni nəslin fiziki-intellektual, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edib. Demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir".

Deputat bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm verilməsinin növbəti sübutu oldu: "Azərbaycan dövlətinin gənclər siyasətindən danışarkən Prezident İlham Əliyev tərəfindən gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci ildə imzalanmış "Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə" və 2011-ci ildə imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramları xüsusi qeyd edilməlidir. Qəbul edilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı isə dövlətin bu sahədə işlərinin mövsümi xarakter daşımadığını, gəncləri cəmiyyətin hərəkətverici qüvvəsinə çevirməkdə birbaşa maraqlı olduğunu göstərdi. Proqramın əsas məqsədi gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək idi ki, ötən illər ərzində Gənclər Mərkəzləri yaradıldı və ilk dəfə olaraq Gənclər Fondu təsis edildi. Hazırda 2016-2020-ci illər üçün yeni proqram təsdiq ərəfəsindədir. Eyni zamanda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərimiz üçün mühüm istiqamətlər mövcuddur.

Həyata keçirilən məqsədyönlü idman siyasətinin nəticəsidir ki, Azərbaycan RİO olimpiadasında böyük qələbə - 18 medal qazanır.

Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi mərkəzə çevrilib. Azərbaycan böyük – dünya əhəmiyyətli idman yarışlarına ev sahibliyi edir. Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Təşkilat Komitəsinə sədrlik etdiyi, tarixdə ilk dəfə keçirilən “Bakı 2015 Avropa oyunları” və “2017 İslam Həmrəyliyi Oyunları” dünyada böyük əks səda doğurdu və idman arenasında Azərbaycana olan marağı daha da artırdı.

Ölkəmiz “Formula-1” Avropa Qran-prisi, və 42-ci Dünya Şahmat Olimpiadası, kimi mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etdi".

Fuad Muradov qeyd edib ki, bütün bu kimi uğurlu tədbirlərin reallaşmasında gənclərin də rolu danılmazdı: "Onu da qeyd etmək istərdim ki, bu gün gənclər üçün əhəmiyyətli qanunvericilik bazası mövcuddur. Heç şübhəsiz ki, ölkədə müəyyən bir sferanın inkişafı üçün həmin sahənin qanunla tənzimlənməsi şərtdir. Azərbaycanda gənclər siyasətinin əsas istiqamətləri "Gənclər siyasəti haqqında" qanunla müəyyənləşdirilib. Bundan başqa, 1996-2002-ci illərdə qəbul olunmuş "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında" qanun, fərman və sərəncamlar, habelə dövlət proqramları qəbul edilmişdir.

Gənclər sahəsində aparılan uğurlu siyasətin məntiqi davamı kimi keçən ildən Milli Məclisdə Gənclər və İdman komitəsi fəaliyyətə başlamışdır ki, bu komitəyə rəhbərlik etmək məsuliyyəti də mənə həvalə edilmişdi. Bu gün biz komitə olaraq dövlət gənclər və idman siyasətinin daha da uğurlu həyata keçirilməsi məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsinə bütün gücümüzlə çalışırıq.

Bu yaxınlarda Prezident İlham Əliyevin Prezident Administrasiyasında Yeni Gənclər siyasəti və İdman Məsələləri Şöbəsinin yaradılması ilə bağlı göstərişi bu sahəyə nə qədər önəm verildiyini bir daha sübut etmiş olur. Yeri gəlmişkən bu şöbəyə müdir vəzifəsinə təyin olunmuş Yusuf Məmmədəliyevi də təbrik edir, doğma Azərbaycanı­mız naminə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi bu şərəfli və məsuliyyətli fəaliyyətində uğurlar arzulayıram.

Düşünürəm ki, bundan sonra ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə gənclərimiz və idmançılarımız gələcəkdə daha böyük uğur və nailiyyətlərə imza atacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti