Bakı. Trend:
Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçıları yarışın keçirilməsi hüququna görə qiymətin azaldılmasına nail olmağa çalışır.
Trend-in "F1News.ru"ya istinadən verdiyi məlumata görə, bunu "Baku City Circuit"in icraçı direktoru Arif Rəhimov "RaceFans" saytına deyib.
Sayt qeyd edir ki, Azərbaycan Qran Prisinin promouterləri iyun ayına qədər "FOM" ilə müqavilənin uzadılıb-uzadılmayacağı barədə qərara gəlməlidirlər, çünki hazırkı 5 illik müqavilə 2020-ci ildə bitir. Lakin A.Rəhimov bildirib ki, təşkilatçılar yarışların keçirilməsi hüququna görə qiyməti azaldılmasına nail olmaq istəyirlər. Azərbaycan Qran Prisinin dəyəri digər promouterlərin ödənişindən təxminən 2 dəfə bahadır.
A.Rəhimov deyib: "Əlbəttə, biz müqavilənin uzadılmasının mümkünlüyü barədə danışıqlar apararkən məbləğ müzakirə edilən aspektlərdən yalnız biridir. Bir tərəfdən, biz yarışın gələcəkdə də keçirilməsini istəyirik, digər tərəfdən isə başa düşürük ki, ödəməli olduğumuzdan yəqin ki çox ödəyirik. Ona görə də münasib həll yolu tapmağa çalışırıq".
Onun fikrincə, ümumilikdə Formula 1 Azərbaycan üçün çox işlər görüb: "Düşünürəm ki, bu layihə təkcə bizim üçün deyil, həm də bildiyimə görə, F1 üçün maraqlı idi. Azarkeşlər yarışı çox bəyəndi, onlar həm tribunadan, həm də TV-dən yarışları izləyirlər. İldən-ilə bizə başqa ölkələrdən daha çox tamaşaçı gəlir, bu isə çox şeydən xəbər verir. Bakının Formula 1 təqviminə daxil olmasını insanlar rəğbətlə qarşılayır və biz bu Qran Prini keçirdiyimizə görə şadıq".