...

Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir

Nəzər nöqtəsi Materials 10 Dekabr 2018 20:27 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir. Bunu Trend-ə açıqlamasında analitik Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, Ermənistanda növbədənkənar parlament seçkilərində qeydə alınan qanun pozuntuları göstərir ki, Nikol Paşinyan qalib gəlmək üçün seçkilərin saxtalaşdırılması yolunu tutmuşdu: “Bu baxımdan Ermənistanda seçkilərin “demokratik” şəraitdə keçirildiyini söyləmək olmaz. Bu amil Ermənistandakı mövcud siyasi vəziyyətin heç də demokratikləşmə xarakterli olmadığını sübuta yetirdi. Maraqlıdır, görəsən, bu pozuntular beynəlxalq təşkilatların hesabatlarında yer alacaq, yoxsa Qərb yenə öz ikitirəli siyasətini nümayiş etdirəcək?”

Analitik bildirib ki, bütün hallarda saxtalaşdırılmış seçkilər N.Paşinyan hakimiyyətinin Serj Sarkisyan rejimindən fərqlənmədiyini göstərir:

“Paşinyan bu seçkilərə hazırlaşarkən fikirləşirdi ki, xalq onun çıxışlarına və verdiyi vədlərə inanaraq bu seçkilərdə daha fəal olacaq, hətta Ermənistan tarixində görünməmmiş bir seçici fəallığı olacaq. Bəli, Ermənistan tarixində görünməmiş seçki oldu, lakin Paşinyanın düşündüyü kimi deyil. Belə ki, Ermənistanda indiyə qədər keçirilən seçkilərin heç birində bu qədər aşağı seçici fəallığı olmamışdı. Deməli, Paşinyan nə qədər demokratiyadan dəm vursa da, xalqı öz nağıllarına inandıra bilməyib. Ciddi saxtalaşdırmalardan, inzibati resurslardan sui-istifadədən sonra açıqlanan rəsmi rəqəmlərə görə, seçkiyə qatılanların 60-70 faizi, yəni erməni seçicilərinin ümumi hissəsinin yalnız 30-35 faizi Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokuna səs verib. Bundan daha artıq saxtalaşdırma hallarına əl atmaq mümkün olmayıb”.

O qeyd edib ki, Ermənistanın yeni parlamentinin tərkibində tez-tez Rusiya əleyhinə fikirlərin səslənməsinin şahidi olacağıq: “Artıq Ermənistanda qeyri-legitim və anti-Rusiya mövqeli bir hakimiyyətin formalaşdığını qeyd edə bilərik. Yeni formalaşacaq parlament tərəfindən gələcəkdə Rusiya əleyhinə sərt fikirlərin səsləndirilməsi və anti-Rusiya mövqeli addımların atılması hökumətin tənəzzülünü daha da sürətləndirə bilər”.

E.Aşırlı vurğulayıb ki, Ermənistanda hakimiyyətə kim gəlir-gəlsin, əlbəttə ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini dəyişməyəcək: “Paşinyan sonunun Sarkisyan kimi olmasını istəmirsə, ilk növbədə, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Əks halda Paşinyanın taleyi də Sarkisyan rejiminin sonu kimi olacaq”.

Analitik bildirib ki, ümumiyyətlə, Ermənistanda baş verən proseslər sadəcə manipulyativ oyundur, burada seçkilər siyasi elitanın yenidən təşkil edilməsinə hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti