Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.Mehdiyev/
Rumıniyanın "Eurovision 2012" mahnı müsabiqəsindəki nümayəndəsi "Mandinga" qrupu bakılılar üçün sürpriz hazırlayır.
Qrupun üzvləri Trend-ə deyiblər ki, onlar yeni mahnıları üçün klip çəkmək məqsədilə Bakıda foto və video çəkilişə hazırlaşırlar.
"Bizim bir az boş vaxtımız olan kimi yeni mahnımız üçün Bakıya baxmaq, Bakının fotoşəkilləri və videosunu çəkmək istəyirik", - qrup üzvləri qeyd ediblər.
Qrup iştirakçıları mahnının adını çəkməkdən imtina ediblər. Onların sözlərinə görə, bu, Bakı sakinləri üçün sürpriz olacaq.
Rumıniyalı iştirakçılar deyiblər ki, Azərbaycan və onun xalqı xoşlarına gəlib. Rumıniya qrupu "Bakı Kristal Zalı"nda yaradılan şəraiti yüksək qiymətləndirib.
"Müsabiqə yüksək səviyyədə təşkil edilib, "Eurovision" müsabiqəsinin təşkilati işləri ilə məşğul olan bütün insanlar peşəkarlardır", - qrup üzvləri bildiriblər.
"Eurovision" iştirakçılarının mahnıları haqqında danışan qrup üzvləri qeyd ediblər ki, bütün iştirakçıların mahnıları xoşlarına gəlir.
"Bütün ölkələr çox yaxşı hazırlaşıblar. Biz deyə bilmərik ki, kim qalib olacaq. Hər il gözlənilməz qalib olur", - "Mandinga"nın iştirakçıları deyiblər.
Lakin qrup ümid edir ki, mahnıları və onun təqdimatı insanların xoşuna gələcək.
"Biz ümid edirik ki, ilk beşliyə daxil olacağıq. Ümid edirik ki, mahnımız və şoumuz insanların xoşuna gələcək", - onlar bildiriblər.
"Mandinga"nın yeddi üzvü var: Yelena (vokal), Aleks (truba), Çupi (zərb alətləri), El-Ninyo (konqo), Omar (fortepiano), Zak (saksafon) və Toni (trombon). Onlardan yalnız altısı Bakı səhnəsində ifa edəcək.